Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Liderlik Məktəbinin on yeddinci tədris ilinin açılış mərasimi keçirilmişdir

13-11-2017 200 dəfə oxunub
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Liderlik Məktəbinin on yeddinci tədris ilinin açılış mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində on yeddinci tədris ilinin açılış mərasimi keçirilmişdir. 

Tədbirə Ombudsman, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbər müavini, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Səbail Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, adı çəkilən məktəbə cəlb olunmuş yeni üzvlər, habelə əvvəlki buraxılışların məzunları, ümumən 150-dən artıq uşaq və gənc, həmçinin valideyn və müəllimlər qatılmışlar.

Müvəkkil tədbir iştirakçılarını salamlayaraq, Liderlik məktəbinin açılış gününün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 22-ci ildönümünə təsadüf etdiyini diqqətə çatdırmış, iştirakçıları təbrik etmiş və xoş arzularını bildirmişdir. O, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızın ilk Konstitusiyasının hazırlandığını, 12 noyabr 1995-ci il tarixdə keçirilən referendumla qəbul olunduğunu, ölkəmizin sonrakı inkişaf mərhələlərində də referendumlar yolu ilə Əsas Qanunumuza əlavə və dəyişikliklər edildiyini söyləmişdir. Ulu öndərin layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində mühüm işlər görüldüyü, eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət yetirdiyi vurğulanmışdır.

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə ətraflı məlumat verilmiş, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, on yeddi ilə yaxın müddətdə  müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu bildirilmişdir. Həmçinin Müvəkkilin təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda elan olunmuş Uşaq Hüquqları Aylığı çərçivəsində paytaxt və rayonlarda Ombudsmanın Aparatı və regional mərkəzləri, dövlət qurumları, şəhər və rayon icra hakimiyyətləri, QHT-lər, icmalar tərəfindən uşaqların fəal iştirakı ilə çoxsaylı silsilə tədbirlərin həyata keçirildiyi vurğulanmışdır. 

Qeyd olunmuşdur ki, Liderlik məktəbi uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarının öyrənməsinə və təlimçilər, trenerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir. 

Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbini bu günədək 1500-dən çox məzunun bitirdiyi, burada “Azərbaycan – yurdum mənim!” devizi ilə ölkəmizin tanınmış şəxsləri, elm, təhsil, mədəniyyət xadimləri tərəfindən uşaqlara ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, eləcə də insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzularda interaktiv təlim metodundan istifadə edərək öyrədildiyi qeyd olunmuşdur. Bu məktəbdə Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox biliklər əldə etməsinə, layiqli vətəndaş ruhunda yetişməsinə kömək etdiyi bildirilmişdir.

UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbər müavini xanım Min Yuan çıxış edərək, çoxsaylı uşaq və gənclərin bir araya toplaşmasını, uşaq hüquqlarının təbliği və müdafiəsi, uşaqların inklüziv şəkildə iştirakçılığının təmini istiqamətində bu uğurlu fəaliyyəti yüksək qiymətləndirmiş, belə maarifləndirici tədbirlərin həyata keçirilməsinə dəstək verdiyi üçün Müvəkkilə təşəkkür etmişdir. 

Həmçinin Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov və digər qonaqlar respublikamızda uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini, təmsil etdikləri qurumların uşaq hüquqları ilə bağlı prioritetlərini qeyd etmiş, bu gün böyük uğurlara imza atmış Liderlik Məktəbində birləşən uşaqların bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduqlarını  vurğulamışlar. 

Sonra Liderlik Məktəbinin üzvləri AUGSŞ-in fəaliyyəti, həyata keçirdiyi tədbirlər, treninqlər, iştirak etdikləri ölkədaxili və beynəlxalq konfranslar, sərgilər barədə ətraflı məlumat vermiş, habelə bu məktəbin istedadlı üzvləri şerlər söyləmiş, vətənə aid mahnılar ifa etmişlər.

Görüşün sonunda Müvəkkil Liderlik Məktəbini uğurla başa vurduqlarına, habelə 2017-ci ildə Avropa Uşaq Ombudsmanları Şəbəkəsi tərəfindən həyata keçirilmiş Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin layihəsində və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin müvafiq tədbirində fəal iştirakına görə sertifikatlara layiq görülmüş şəbəkə üzvlərini təbrik etmiş, Şəbəkəyə yeni qoşulan uşaqlara yeni dərs ilində nailiyyətlər arzulamış, biliklərə mükəmməl yiyələnməyi, ahəngdar inkişaf etməyi, Vətənə, xalqımıza sadiq övladlar kimi yetişməyi tövsiyə etmişdir.

Qonaqlar, həmçinin uşaqlar və valideynlər bu gözəl təşəbbüsün həyata keçirilməsində göstərdiyi dəstəyə görə E.Süleymanovaya təşəkkürlərini bildirmişlər.