Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə QİÇS-lə mübarizəyə həsr olunmuş tədbirlər keçirilmişdir

27-11-2017 9939 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə QİÇS-lə mübarizəyə həsr olunmuş tədbirlər keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin resurs mərkəzləri olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində, habelə Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində səmərəli fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində qarşıdan gələn dekabr Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbirlər keçirilmişdir.

Tədbirlərdə Ombudsman Aparatının əməkdaşları Faiq Ağayev və Müqalib Mahmudov, QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri Cavid Cahangirli və Dilşad Mahmudova, Liderlik Məktəbinin üzvləri və valideynlər, habelə Ahılların Resurs Mərkəzinin üzvləri, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan qadınlar iştirak etmişlər. 

QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri çıxışlarında İnsanın İmmunçatışmazlığı Virusunun/Qazanılmış İmmunçatışmazlığı Sindromunun (İİV/QİÇS) yaranma tarixi haqqında məlumat vermiş, bu xəstəliyin dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da yayılmasının, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirmiş, məhdud yollarla yayılan bu virusdan qorunma vasitələrini iştirakçıların nəzərinə çatdırmış, müasir tibb eliminin İİV/QİÇS xəstəliyinin effektiv müalicəsinin dönüş yaradan bir yolunun tapılması istiqamətində axtarışlarının davam etdirildiyini vurğulamışlar.

Ombudsman Aparatının əməkdaşları ölkəmizdə İİV/QİÇS-lə mübarizə məqsədi ilə bu infeksiyanın aşkarlanması, profilaktikası və İİV-li insanların müalicəsi sahəsində görülən işlər, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında qanunvericiliyin müddəaları, Müvəkkil Elmira Süleymanovanın İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə geniş məlumat vermiş və bu məsələnin həssas mövzulardan biri kimi daim diqqət mərkəzində olduğunu bildirmişlər.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin də həyata keçirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə zəruri addımların atıldığı, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na əsasən, Nazirlər Kabineti tərəfindən bu ilin əvvəlində təsdiq edilmiş “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın da məhz ölkəmizdə İİV infeksiyasının törətdiyi xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsinin təkmilləşdirilməsi məqsədinə xidmət etdiyi vurğulanmışdır.

Bildirilmişdir ki, hər il 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində ölkəmizi narahat edən İİV/QİÇS, narkomaniya və digər yoluxucu xəstəliklərlə mübarizə aparılması istiqamətində Ombudsmanın Aparatı və Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən regional mərkəzləri tərəfindən yerlərdə silsilə treninq və seminarlar keçirilir, Müvəkkilin təşəbbüsü ilə hazırlanaraq çap edilmiş “İİV/QİÇS-dən qorunma üsulları”nı və “İİV/QİÇS-li insanların ayrı-seçkilikdən müdafiəsi”ni təbliğ edən plakatlar əyani vəsait kimi iştirakçılara paylanılır, televiziya və radio verilişlərində bu vurusdan əziyyət çəkən insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işi aparılır. 

İştirakçılar bu tədbirlərin təşkilinə görə Ombudsmana təşəkkür etmiş, mövzu ilə bağlı fikir və mülahizələrini bildirmişlər.