Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

07-09-2017 169 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər. 

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, həbs olunmuş şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox şəxslər fərdi qəbul edilmiş, o cümlədən Mehman Əliyev, Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmışdır. 

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməmiş, bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildirmişlər. Hər bir şəxsə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, sənədləri araşdırılmış, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunmuş və bir sıra müraciətlər yerində təmin edilmişdir.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir. 

Başçəkmənin nəticəsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.