Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmini vəziyyəti monitorinq edilib

06-10-2023 290 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmini vəziyyəti monitorinq edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilir.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən növbəti başçəkmə 29.09.2023-cü il tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə həyata keçirilib.

Başçəkmənin məqsədi uşaqların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri, tibbi yardımın və psixoloji işin təşkili, qidalanma səviyyəsi, müvafiq sənədləşmənin aparılması, o cümlədən əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı təkliflərin icrası məsələlərinin yerində araşdırılması olub. Bu məqsədlə məktəbin bütün ərazisinə, o cümlədən yataqxanaya, mətbəxə, yeməkxanaya, tibb otaqlarına baxış keçirilib, müəssisənin əməkdaşları ilə söhbət aparılıb.

Monitorinq zamanı əvvəlki başçəkmələr çərçivəsində verilmiş tövsiyələrə uyğun müəyyən edilmiş bir sıra çatışmazlıqların aradan qaldırıldığı, lakin bəzi problemlərin hələ də qaldığı müəyyən edilib. Belə ki, xüsusi təhsilə cəlb olunan şagirdlərin, ibtidai siniflər istisna olmaqla, müvafiq dərsliklərlə təmin edilmədiyi, müəssisədə psixoloji xidmətin təkmilləşməsinə böyük ehtiyacın olduğu, məktəbin ərazisində 136 ailənin məskunlaşması səbəbilə sıxlığın olduğu aşkar olunub.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib, o cümlədən Ombudsmanın 916 Çağrı Mərkəzi və MPM-in fəaliyyəti haqqında məlumat xarakterli nəşrlər təqdim olunub.

Başçəkmənin yekunları ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.