Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın BMT QAK-la birgə həyata keçirdiyi layihə davam etdirilir

26-10-2017 10298 dəfə oxunub
Ombudsmanın BMT QAK-la birgə həyata keçirdiyi layihə davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə zorakılıq əleyhinə mübarizə üzrə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihənin birinci mərhələsində bir müddət əvvəl Goranboy, Mingəçevir və Gəncə şəhərlərində, habelə Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında  ümumilikdə 3000 nəfərdən artıq məcburi köçkünün iştirakı ilə silsilə tədbirlər həyata keçirilmişdir. Eyni zamanda layihənin ikinci mərhələsində həmin mövzu üzrə yerli icra hakimiyyətlərinin, bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil və başqa dövlət qurumlarının nümayəndələri, eləcə də hakimlərin iştirakı ilə təşkil olunan növbəti təlim Mingəçevir şəhərində təşkil olunmuşdur.

Tədbirdə çıxış edən Müvəkkil Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsinə prioritet məsələ kimi yanaşıldığını, hüquq bərabərliyi prinsipinə uyğun olaraq onların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini bildirmişdir. O, insan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində ölkə Ombudsmanı Elmira xanım Süleymanova tərəfindən dövlət qurumlarına verilmiş 500-dən çox təklifin yarısından çoxunun təmin olunduğunu diqqətə çatdırmışdır.

Müvəkkilin nümayəndəsi həmçinin BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) gender bərabərliyi və qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verildiyini bildirmişdir.

T.Cahangirova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğu, bu istiqamətdə aidiyyəti icra qurumları tərəfindən müvafiq tədbirlər görüldüyünü bildirmişdir. 

Bununla yanaşı, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq dövlət qurumlarının koordinasiya işinin səmərəliliyinin artırılması, heç bir ayrı-seçkiliyə yol verilmədən sistemli və ardıcıl tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılması nəzərdə tutulan qurumlararası əlaqələndirmə şurasının və hazırlanan Milli Fəaliyyət Planının zəruriliyi qeyd edilmişdir.

Ombudsmanın nümayəndəsi məcburi köçkün icmalarında yaşayan qadınların hüquqlarının effektiv müdafiəsi, onların ictimai iştirakçılığının genişləndirilməsi məqsədilə birgə səyləringücləndirilməsinin, eyni zamanda yerli icra hakimiyyətlərində fəaliyyət göstərən monitorinq qruplarının istiqamətləndirmə mexanizminin təkmilləşdirilməsinin, xüsusilə mühafizə orderinin verilməsi ilə yanaşı belə ailələrlə davamlı profilaktik işin aparılmasının, qurbanlara hüquqi və psixoloji yardımın göstərilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, həmçinin vurğulamışdır ki, BMT-Azərbaycan münasibətlərinin 25 illik dövrü ərzində müxtəlif sahələrdə dinamik inkişaf müşahidə olunur, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Komissiyasına və digər mühüm strukturlarına üzv seçilmiş, təşkilatın müxtəlif ixtisaslaşmış qurumlarının fəaliyyətində yaxından iştirak etmişdir. Bundan başqa, Ombudsman təsisatlarının formalaşmasında və fəaliyyətində  həmin qurumlarınn böyük rolu vurğulanmışdır.

T.Cahangirova Müvəkkil təsisatı ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin istiqamətləri barədə danışaraq bu sahədə birgə layihələrin uğurla davam etdirildiyini söyləmiş, ölkəmizin qoşulduğu BMT QAK-ın Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası, o cümlədən “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsi çərçivəsində görülən işlər barədə iştirakçılara məlumat vermişdir.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, zorakılıq hallarının düzgün müəyyənləşdirilməsi, bununla bağlı şikayətlərin hərtərəfli araşdırılması məqsədilə birgə səylərin artırılmasının vacibliyini bildirmiş, habelə qadın hüquqlarının təmini və müdafiəsi sahəsində mərkəz tərəfindən aparılan maarifləndirmə tədbirləri barədə iştirakçılara məlumat vermişdir.

Tədbir iştirakçıları çıxış edərək, bu problemə münasibətləri, vəzifələri və görüləcək işlər üzrə tövsiyələr səsləndirmiş, əhalinin bu istiqamətdə məlumatlandırılmasının genişləndirilməsi məqsədilə sosial çarxlar, kütləvi informasiya vasitələrində proqramların hazırlanmasını təklif etmişlər.