Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın BMT QAK-la birgə həyata keçirdiyi layihə çərçivəsində məcburi köçkünlər üçün maarifləndirici tədbirlər davam etdirilir

29-09-2017 10218 dəfə oxunub
Ombudsmanın BMT QAK-la birgə həyata keçirdiyi layihə çərçivəsində məcburi köçkünlər üçün maarifləndirici tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə zorakılıq əleyhinə mübarizə üzrə əməkdaşlıq edir və görülmüş işlər nəticəsində müsbət təcrübə əldə olunmuşdur. Cari il üzrə davam etdirilən “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihənin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin və məcburi köçkün qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn əlaqəli səylərə dəstək verməkdir.

Bu layihə çərçivəsində Ombudsman təsisatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi ilə birgə bir müddət əvvəl Goranboy, Mingəçevir və Gəncə şəhərlərində, habelə Bakı şəhəri Sabunçu rayonunda məcburi köçkünlərin iştirakı ilə silsilə tədbirlər təşkil etmişdir. 

29 sentyabr 2017-ci il tarixdə adı çəkilən layihə üzrə növbəti tədbir Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva qonaqları salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qadın və uşaq hüquqlarının inkişafına prioritet məsələ kimi yanaşıldığını, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir. O, ölkə ərazisində, eləcə də 60 minə yaxın məcburi köçkünlərin məskunlaşdığı Binəqədi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri, həmçinin bu qəbildən olan insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl fəaliyyət barədə ətraflı məlumat vermişdir. 

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis tədbirdə çıxış edərək, dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq qadınlara yönəlik fəaliyyətləri, qadın və uşaq hüquqlarının təmin olunmasının və zorakılıqla mübarizənin tədris proqramlarına daxil edilməsinin, habelə Azərbaycanda qadın hüquqlarının təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlərin mövcud olmasını nəzərə alaraq, ictimai fəallığın artırılması istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini vurğulamışdır.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi ötən müddət ərzində respublikada gənclərin inkişafı istiqamətində görülmüş işlər barədə ətraflı məlumat vermiş, habelə ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Azərbaycan gəncliyinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynadığını vurğulamışdır. O, həmin sənəddə bir sıra vacib istiqamətlərin müəyyən edildiyini, belə ki gənclərin vətənpərvərlik tərbiyəsi, elmi-mədəni inkişafı, yaradıcı ideyalarının dəstəklənməsi, onların sahibkarlıq təşəbbüslərinə diqqət ayrılması, gənclər təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi kimi bəndlərin əks olunduğunu bildirmişdir.

Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində, həm də ailədə qadın və uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını, belə ki əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və  möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən hüquq bərabərliyi prinsipinə uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini vurğulamışdır. O, insan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində Müvəkkil tərəfindən dövlət qurumlarına verilmiş 500-dən çox təklifin yarısından çoxunun təmin olunduğunu diqqətə çatdırmışdır.

Müvəkkil Azərbaycana qarşı erməni təcavüzü nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğalı, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın əsas insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu bildirmiş, onların hüquqlarını daim diqqətdə saxladığını qeyd etmişdir.

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. Milli Fəaliyyət Proqramının 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğu, bu sahədə aidiyyəti icra qurumları tərəfindən müvafiq tədbirlər görüldüyü bildirilmişdir. 

E.Süleymanova ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu istiqamətdə  maarifləndirmə və məlumatlanma işlərinin apardığını söyləmişdir. 

Bununla yanaşı, qadınlara qarşı zorakılığın səbəbləri, növləri, mənfi təsirləri və qarşısının alınması yolları, habelə qadın hüquqlarının təmini və müdafiəsi, o cümlədən məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə son dövrdə ölkəmizdə həyata keçirilən çoxşaxəli tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, fəallıq, kütləvilik, ictimai iştirakçılıq, əməkdaşlıq, təcrübə toplanması və mübadiləsi prinsiplərinə, habelə qadınların ehtiyac və maraqlarına cavab verən bu kimi layihələr ölkəmizdə həyata keçirilən dayanıqlı inkişaf proseslərinə xidmət edir və belə təşəbbüslər artıq sistemli, davamlı və ardıcıl xarakter daşıyır.

Həmçinin Müvəkkil bu sahədə icmalarda maarifləndirmə işinin gücləndirilməsi, xüsusilə məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə əhatəli tədbirlərin keçirilməsi, burada mövcud vəziyyətin araşdırılması, ehtiyacların öyrənilməsi, ailədaxili zorakılıqla bağlı durumun nəzərə alınmasının vacibliyini vurğulamış və fəaliyyətin məhs bu istiqamətdə qurulmasını tövsiyə etmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, layihə çərçivəsində çap edilmiş maarifləndirici vəsaitlər paylanılmışdır.