Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın BMT QAK-la birgə həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində tədbirlər davam etdirilir

23-10-2017 10251 dəfə oxunub
Ombudsmanın BMT QAK-la birgə həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində tədbirlər davam etdirilir

Ombudsmanın BMT QAK-la birgə həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində tədbirlər davam etdirilir.

Tədbirdə çıxış edən Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində həm də ailədə qadın və uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirilən sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini vurğulamışdır.

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. Milli Fəaliyyət Proqramının 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğu, bu sahədə aidiyyəti icra qurumları tərəfindən müvafiq tədbirlər görüldüyü bildirilmişdir.

O, həmçinin BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə milli fəaliyyət planının hazırlanması, milli prioritet sahələrin müəyyən edilməsinin əhəmiyyətini, habelə həmin sənəddə gender bərabərliyi və qadın hüquqlarının təmin olunması ilə bağlı məqsədlərin özünə yer tapdığını vurğulamışdır.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, qadınlara qarşı zorakılığın səbəbləri, növləri, qarşısının alınması yolları və mənfi təsirləri, habelə qadın hüquqlarının təmini və müdafiəsi, o cümlədən məişət zorakılığı və erkən nikahların qarşısının alınması sahəsində mərkəz tərəfindən aparılan maarifləndirmə və digər tədbirlər barədə iştirakçılara məlumat vermişdir.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Aleksandr Novikau dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq qadınlara yönəlik fəaliyyətləri, qadın və uşaq hüquqlarının təmin olunmasının və zorakılıqla mübarizənin tədris proqramlarına daxil edilməsinin, birgə fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini vurğulamışdır.

Tədbir iştirakçıları çıxış edərək, bu problemə münasibətləri, vəzifələri və görüləcək işlər üzrə təklif və tövsiyələr səsləndirmişlər. Nəticədə qadın hüquqlarının təmin olunması və məişət zorakılığının aradan qaldırılmasında birgə əməkdaşlıq edilməsi qənaətinə gəlinmişdir.