Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Miqrasiya məsələlərinə cəlb olunmuş dövlət qurumlarının əməkdaşları üçün Ombudsman təsisatı tərəfindən təlimlər davam etdirilir

14-10-2017 10203 dəfə oxunub
Miqrasiya məsələlərinə cəlb olunmuş dövlət qurumlarının əməkdaşları üçün Ombudsman təsisatı tərəfindən təlimlər davam etdirilir

Məlum olduğunu kimi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2013-cü ildən ölkəmizdə icra edilən  “Şərqi Avropada və Cənubi Qafkazda sığınacaq sisteminin keyfiyyətinin artırılması” layihəsinin əsas məqsədi Şərqi Avropa və Cənubi Qafqazda  sığınacaq  sisteminin, habelə qaçqınların beynəlxalq müdafiəsinin keyfiyyətinin artırılması və inkişaf etdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı qərar qəbuletmə keyfiyyətinin regional yanaşma vasitəsilə yaxşılaşdırılmasından ibarətdir. 

Həmin layihə çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə mütəmadi olaraq respublikanın müxtəlif regionlarında miqrasiya və sərhəd idarəçiliyinə cəlb olunmuş dövlət qurumlarının əməkdaşları üçün maarifləndirmə tədbirləri həyata keçirilir. 10-13 oktyabr 2017-ci il tarixlərində növbəti regional təlim Naxçıvan şəhərində keçirilmişdir.

Tədbirə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının, hüquq-mühafizə orqanlarının, muxtar respublikası üzrə icra hakimiyyətləri, habelə Xarici İşlər Nazirliyinin NaxçıvanMuxtar Respublikasındakı İdarəsinin nümayəndələri və hakimləri də qatılmışlar.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının nümayəndəsi insan axınlarının artdığı müasir dövrdə miqrasiya proseslərinin ölkənin iqtisadi maraqlarına uyğun tənzimlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, həmçinin, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu, öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, bu ağır vəziyyətin uzun illərdir ki, davam etdiyini bildirmişdir.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis tədbirdə çıxış edərək, öz doğma diyarlarından didərgin düşmüş şəxslərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq sığınacaq axtaran şəxslərə yönəlik fəaliyyətləri, habelə bu şəxslərin hüquqlarının təmin olunması məqsədilə sərhədi keçdikdən sonra müvafiq xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, bununla bağlı istiqamətləndirmə mexanizminin düzgün aparılmasının və birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.

Təlim çərçivəsində Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova müvafiq məruzə-təqdimatla çıxış edərək, müasir beynəlxalq hüquqda insan hüquqları və miqrasiya problemlərinin əsas xüsusiyyətləri, habelə Azərbaycan Respublikasında miqrantların insan hüquqlarının təmini sahəsində həyata keçirilmiş hüquqi islahatlar, ölkə Ombudsmanı Elmira Süleymanovanın qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Müvəkkilin nümayəndəsi “qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət etmiş şəxsin hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun təmin edilməsi, bununla bağlı tətbiq olunan prosedur qaydalarının təkmilləşdirilməsi, həmçinin insan alveri cinayətlərinin profilaktikası məqsədilə Ombudsman təsisatı tərəfindən davamlı maarifləndirmə işinin aparıldığını bildirmişdir.

Qeyd edilmişdir ki, Müvəkkil və Milli Preventiv Qrupunun üzvləri mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə baş çəkərək, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, ehtiyacı olan Müvəkkilin səlahiyyətləri çərçivəsində kömək göstərilir. Səlahiyyətli dövlət orqanlarına təkliflər verildiyi və müsbət nəticələr əldə olunduğu vurğulanmışdır.

T.Cahangirova qeyri-leqal miqrasiyanın qarşısının alınması məqsədilə sərhədi qanunsuz keçən miqrantların yerlərinin müəyyən edilməsi, ayrı-ayrı informasiya kampaniyaların təşkili də daxil olmaqla buraxılış məntəqələrinə və vizaların verilməsi üzərinə nəzarətin gücləndirilməsi, o cümlədən sığınacaq sisteminin inkişaf etdirilməsi sahəsində ölkədə fəaliyyət göstərən dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT-lər və icmalarla birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin idarə rəisi Nazim Salmanov sığınacaq axtaran şəxlərin hüquqi vəziyyəti, ümumilikdə qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı prosedur qaydaları barədə iştirakçılara ətraflı məlumat vermiş, regional inkişafın aparıcı dövləti olan ölkəmizin hazırda miqrantların mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyini vurğulamışdır.

Tədbirdə müzakirələr zamanı səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır.

Bununla yanaşı, təlim çərçivəsində Müvəkkilin nümayəndəsi tərəfindən digər həmtəşkilatçılar ilə birgə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzinə, Şahtaxtı, Sədərək və Culfa sərhəd buraxılış məntəqələrinə, həmçinin qaçqın ailələrinin məskunlaşdığı Sədərək rayonunun Heydərabad qəsəbəsinə baş çəkilmiş, müvafiq sahənin inkişaf etdirilməsi məsələsi üzrə geniş müzakirələr aparılmışdır.