Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin layihəsində fəal iştirak edir

13-06-2017 163 dəfə oxunub
Azərbaycan Ombudsmanı Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin layihəsində fəal iştirak edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2008-ci ildən Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür. Ombudsman təsisatı həmin təşkilatla sıx əməkdaşlıq edərək, hər il uşaq hüquqlarının təmini və təbliği ilə bağlı keçirilən illik konfranslarda, beynəlxalq tədbirlərdə, onlayn müzakirələrdə, o cümlədən uşaqların iştirakçılığı ilə həyata keçirilən layihələrdə iştirak etməkdədir.

Bu il də Azərbaycan Ombudsman Təsisatı ENOC tərəfindən həyata keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) layihəsinə qatılaraq orada fəal iştirak edir. ENOC-a üzv seçilmiş yalnız 11 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Hörmət, məlumat və fikrə aparan yol – Gənclərin identikliyinin və münasibətlərinin araşdırılması və onların səlahiyyətləndirilməsi” adlı layihədə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvlərinin iştirakı təmin edilmişdir. 

Layihənin məqsədi uşaq və gənclərin identikliyi, kimliyi, şəxsiyyətinə, şəxsi həyatına hörmət, onların ətrafdakılarla sağlam münasibətlərinin olması, fikirlərinin nəzərə alınması, texnologiyanın bu münasibətlərə təsiri ilə bağlı uşaqların fikirlərinin və təkliflərinin öyrənilməsi və onların müəyyən fəaliyyətlərə cəlb edilərək səlahiyyətləndirilməsindən ibarətdir. 

Layihə çərçivəsində Şəbəkə üzvləri arasından 14-17 yaşlı uşaqlardan ibarət qrup yaradılmış, cari ilin mart-iyun ayları ərzində çoxsaylı görüşlər keçirilərək mövzu üzrə müxtəlif müzakirələr, qrup işləri aparılmış, təkliflər hazırlanmış, qrup üzvləri tərəfindən rəsmlər çəkilmiş, mətbuatda onların yazıları dərc edilmişdir. Layihə iştirakçıları Ombudsman Elmira Süleymanova ilə görüşərək, öz fikir və təkliflərini bildirmiş, Müvəkkil tərəfindən uşaq hüquqları, xüsusilə uşaqların müdafiəsində Ombudsmanın rolu barəsində verilmiş məlumatlardan bəhrələnmişlər.

Bununla yanaşı, uşaqlar təhsil aldıqları ümumtəhsil məktəblərdə həmyaşıdları arasında mövzu üzrə sorğular keçirmiş, bununla da onların fikirlərini və təkliflərini öyrənərək qrupun digər üzvləri ilə bölüşmüşlər. Uşaqların daha çox iştirakçılığını təmin etmək məqsədilə AUGSŞ-nin Liderlik Məktəbinin digər üzvləri üçün layihənin təqdimatı keçirilmiş, orada səsləndirilən təkliflər də nəzərə alınmışdır.

Layihə iştirakçılarından iki nəfər layihənin icrası ilə bağlı görülən işləri və uşaqların mövzu üzrə təkliflərini cari ilin iyun ayında Fransanın Paris şəhərində keçiriləcək görüşdə təqdim edəcəkdir. Uşaqlar tərəfindən hazırlanan bu təkliflər ENOC-un 21-ci illik Konfransında qəbul ediləcək bəyanatda nəzərə alınacaqdır.

Qeyd edək ki, AUGSŞ-in üzvləri ENOC tərəfindən 2010-cu ildən etibarən Müvəkkilin təşəbbüsü ilə həyata keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) layihəsinə qatılaraq, Fransa (Strasburq), Şimali İrlandiya (Belfast), Polşa (Varşava), Şotlandiya (Edinburq), Yunanıstanda (Afina) keçirilən tədbirlərdə və onlayn müzakirələrdə fəal iştirak etmişlər.

Müxtəlif illərdə ENYA layihəsində iştirak edən AUGSŞ-nin 30-dan çox üzvü ENOC tərəfindən sertifikatla təltif olunmuşdur.