Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr edilmiş tədbir keçirilmişdir

17-04-2017 140 dəfə oxunub
“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr edilmiş tədbir keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çoxşaxəli fəaliyyətində əhalinin bütün qruplarının hüquqlarının müdafiəsini və təmin olunmasını daim diqqətdə saxlayır, onlarla tez-tez görüşür, silsilə maarifləndirmə tədbirləri keçirir, problemlərinin həllində yardımçı olur. 

Belə tədbirlərdən biri də Ombudsman tərəfindən fəxri prezidenti olduğu, BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusuna malik ilk və yeganə qadın təşkilatı olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində 2001-ci ildə yaratdığı Ahılların Resurs Mərkəzində 18 Aprel - “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri V.İsayev, AMEA-nın müxbir üzvü, professor S.İmamverdiyev, Ombudsman Aparatının məsul işçiləri, digər dövlət qurumlarının və QHT-lərin nümayəndələri, Ahılların Resurs Mərkəzinin könüllü mütəxəssisləri olan hüquqşünas, psixoloq və həkimlər, habelə mərkəzin 60-dək ahıl üzvləri iştirak etmişlər.

Ombudsman çıxış edərək vurğulamışdır ki, YUNESKO-nun qərarı ilə 1983-cü ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir. Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. Bu gün Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi sahəsində mühüm işlər həyata keçirilir.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, o cümlədən milli-mədəni irsimizin qorunub saxlanması, Azərbaycan mədəniyyəti və dünyada müsbət imici üçün gördüyü işlər ölkəmizdə və beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır. Onun təşəbbüsü ilə Qız Qalası, İçərişəhər, Şirvanşahlar Kompleksləri və Qobustan abidələrinin YUNESKO-nun maddi-mədəni irs siyahısına  salınması beynəlxalq aləm və ölkə ictimaiyyəti tərəfindən təqdir olunur. 

V.İsayev tarixi gün ilə əlaqədar çıxış edərək bildirmişdir ki, Azərbaycanda 6308 tarixi abidə var, bunların 65-i dünya əhəmiyyətli, 2034-nün  ölkə, 4209-u yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsidir. Bildirlimişdir ki, hazırda işğal altında olan ərazilərimizdə yerləşən dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz olan Azıx (Füzuli) və Tağlar (Xocavənd) mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. Bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdir. Azıx və Tağlar mağaralarının hazırda hərbi məqsədlə istifadə edilərək qəsdən məhv edilməsi, xalqımızın keçmişi və bu gününü əks etdirən mədəniyyət və incəsənət abidələrinin erməni vandalizminin təcavüzünə məruz qalması haqqında məlumat verilmiş, qeyd olunan faktlarla əlaqədar Azərbaycan dövləti tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

O, çıxışının sonunda 18 apreldə əhalini maarifləndirmək məqsədilə açıq qapılar günü elan edildiyini və bu gün bütün muzeylərə, qoruqlara girişin ödənişsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Ahılların Resurs Mərkəzinin əlaqələndiricisi Ş.Xanməmmədova çıxış edərək qeyd etmişdir ki, hər bir ölkənin tarixinin qədimliyini onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür və  bu qəbildən olan Qobustan kimi qalalarımızı, Möminə xatın kimi məqbərələrimizi, Təzəpir məscidi kimi dini ibadətgahlarımızı, Şirvanşahlar, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimizi mərkəzin üzvləri ziyarət etmişlər. 

O və Mərkəzin üzvləri Ombudsmanın dəstəyi ilə fəaliyyət göstərən bu mərkəz haqqında məlumat verərək, onların fiziki və psixi sağlamlığının qeydinə qalmağa yardımçı olan, fasiləsiz, ödənişsiz tibbi, psixoloji, hüquqi xidmətin göstərildiyi, eyni zamanda, istirahətlərinin, asudə vaxtlarının mənalı keçirildiyi ölkəmizdə analoqu olmayan yeganə məkan olduğunu söyləmiş və buna görə E.Süleymanovaya təşəkkürlərini bildirmişlər.

S.İmamverdiyev çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildirmiş, eyni zamanda ahılların sağlamlıq hüquqları ilə bağlı dəyərli məsləhətlərini vermişdir. Həkim herontoloq-naturopat K.Həsənova və herontoloq-terapevt S.Ağazadə çıxış etmiş və tədbir iştirakçılarının suallarını cavablandırmışlar.