Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Ombudsmanın təşkil etdiyi silsilə tədbirlər davamlı olmuşdur

19-01-2017 9454 dəfə oxunub
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Ombudsmanın təşkil etdiyi silsilə tədbirlər davamlı olmuşdur

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı təşkil etdiyi silsilə tədbirlər davam etdirilir.

Ombudsmanın Gəncə Regional Mərkəzi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə dövlət orqanları əməkdaşlarının, ali məktəb tələbələrinin, çoxsaylı gənclərin iştirakı ilə adı çəkilən şəhərin Gənclər Evində faciənin ildönümünə həsr edilmiş tədbir keçirmişdir.

İlk öncə qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov həmin faciənin xalqımızın azadlıq yolunda atılmış həlledici mərhələ olduğunu bildirərək, bunun nəticələrinin gənclər arasında vətənpərvərlik baxımından təbliğinin əhəmiyyətini önə çəkmişdir.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, Müvəkkil Elmira Süleymanovanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərdiyi Bəyanatını iştirakçıların diqqətinə çatdırmışdır. 

Müvəkkilin və Ombudsman Aparatı əməkdaşlarının iştirak etdikləri çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarında xalqımızın məruz qaldığı soyqırımları və terror hadisələri, habelə 20 Yanvar faciəsi barədə xarici iştirakçılara ətraflı məlumat verildiyi bildirilmişdir.

Tədbir mövzu ilə bağlı səmərəli müzakirələr şəraitində davam etmiş, iştirakçılara 20 Yanvar faciəsindən bəhs edən kinofilm nümayiş etdirilmişdir.