Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnsan Hüquqları üzrə Müvəkkil 20 Yanvar faciəsi ilə əlaqədar növbəti silsilə tədbirlər təşkil etmişdir

18-01-2017 9455 dəfə oxunub
İnsan Hüquqları üzrə Müvəkkil 20 Yanvar faciəsi ilə əlaqədar növbəti silsilə tədbirlər təşkil etmişdir

Məlum olduğu kimi, ölkəmizdə hər il 20 Yanvar hadisələri ilə bağlı silsilə tədbirlər təşkil edilir.Bu il də müvafiq Sərəncamla təsdiqlənmiş “20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” icra olunmaqdadır. 

Həmin qanlı hadisələrlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşkil etdiyi silsilə tədbirlər Bakıda və regionlarda davam etdirilir.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad Rayon İcra Hakimiyyəti ilə birgə adı çəkilən rayonun Heydər Əliyev Mərkəzində, 1, 2 və 4 saylı tam orta məktəblərdə, 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə, Tibb və İncəsənət məktəblərində, habelə Cəlilabad rayonundakı Suluçeşmə kənd əsas məktəbində ”20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda silsilə tədbirlər keçirmişlər.

Tədbirlərdə dövlət orqanlarının əməkdaşları, geniş ictimaiyyət nümayəndələri, yerli sakinlər, fəal gənclər, müəllim və şagirdlər iştirak etmişlər.

İlk növbədə 20 Yanvar faciəsi zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tədbirlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək, 20 Yanvar faciəsinin baş vermə səbəbləri barədə geniş məlumat vermiş, 27 il əvvəl törədilmiş bu qətliamın insanlığa qarşı qatı cinayət olmasını, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayılmasını, bu qanlı hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirməsini vurğulamışdır. 

Qeyd edilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində 1988-ci ildən başlayaraq güclənən erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən verilən dəstək və ölkəmizə qarşı qərəzli mövqe nəticəsində adı çəkilən vilayətin idarə və təşkilatları tədricən respublikamızın tabeliyindən çıxarılmış, azərbaycanlılar Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilmiş, soydaşlarımız ağır işgəncələrə, zorakılıqlara məruz qalmış və bu hadisələr xalqımızın səbrini tükəndirmişdi. Həmin dövrdəki sovet hökumətinin göstərişi ilə, xalqımızın haqlı etirazını boğmaq, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının qarşısını almaq üçün 20 Yanvar qırğını törədilmişdir

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilmiş, hərbi gəmilərdən çıxarılan desant qrupları, tanklar və digər hərbi texnikadan istifadə etməklə dinc əhalini gülləboran etmiş, nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulmuşdur.

Bildirilmişdir ki, o dövrdə faciə ilə bağlı ən ciddi və sərt bəyanatı Azərbaycan xalqı adından Ümummilli liderimiz Heydər Əliyev səsləndirmiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir. Həmin bəyanatda bu qanlı hadisə ilə bağlı sovet dövlətinin başçısını birbaşa ittiham etməsi onun cəsarətinin, xalqına məhəbbətinin sübutu idi. 

Silsilə tədbirlərdə qeyd olunmuşdur ki, Ombudsman E.Süleymanova tərəfindən hər il faciənin ildönümü ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat göndərilərək, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmiş bu qanlı hadisələri törədənlərin cəzalandırılması və hüquqi qiymət verilməsi tələb edilir. Müvəkkilin 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bəyanatı tədbirlərdə səsləndirilmişdir.

İştirakçılar tərəfindən tədbirlər maraqla qarşılanmış, onların sualları ətraflı cavablandırılmışdır.