Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Ombudsmanın Ahılların Resurs Mərkəzində və Liderlik məktəbində tədbirlər keçirilmişdir

16-01-2017 9194 dəfə oxunub
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Ombudsmanın Ahılların Resurs Mərkəzində və Liderlik məktəbində tədbirlər keçirilmişdir

Məlum olduğu kimi, ölkəmizdəhər il 20 Yanvar hadisələri ilə bağlı silsilə tədbirlər təşkil edilir. Bu il də müvafiq Sərəncamla təsdiq edilmiş “20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” icra olunmaqdadır. 

Həmin qanlı hadisələrlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşkil etdiyi silsilə tədbirlər Bakıda və regionlarda davam etdirilir.

Növbəti belə tədbirlər Ombudsmanın Ahılların Resurs Mərkəzində və uşaq hüquqlarının resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində keçirilmişdir. Bu tədbirlərdə Ombudsman Aparatının əməkdaşları Faiq Ağayev və Müqalib Mahmudov, tanınmış yazıçı-jurnalistlər Zemfira Məhərrəmli, Məzahir Süleymanzadə və Rafiq Səməndər, “20 Yanvar Fondu”nun sədri Şövqi Bunyatov və sədr müavini Tahir Fətullayev, “20 Yanvar” cəmiyyətinin sədri Soltan Əzimzadə və sədr müavini Mustafa Əliyev, Moskvada dərc edilən “Vətən çağırır” qəzetinin baş redaktoru Gülsüm Adilqızı, şəhid ailələrini təmsil edən Şövkət Xanməmmədova, Esmira Mehdiyeva, Ahılların Resurs Mərkəzinin üzvləri, Liderlik Məktəbinin şagirdləri və onların valideynləri iştirak etmişlər. 

İlk öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ombudsman Aparatının əməkdaşları bu tədbirlərin məqsəd və məramını açıqlamış, faciə barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, o dövrdə faciə ilə bağlı ən ciddi və sərt bəyanatı Azərbaycan xalqı adından Ümummilli liderimiz Heydər Əliyev səsləndirmiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir. Həmin bəyanatda bu qanlı hadisə ilə bağlı sovet dövlətinin başçısını birbaşa ittiham etməsi onun cəsarətinin, xalqına məhəbbətinin sübutu idi. 

Ombudsmanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilmiş, hər il olduğu kimi, BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi iştirakçıların diqqətinə çatdırılmışdır.

Respublikamızın Əməkdar mədəniyyət işçisi, vaxtilə “Səhər” qəzetinin baş redaktoru olmuş M.Süleymanzadə qanlı yanvar gecəsində baş vermiş hadisələr, xalqımızın oyanış ruhu, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və işğalçı siyasəti barədə məlumat vermiş, 20 yanvar gecəsi xalqımızın Sovet ordusuna qarşı dəyanətlə duruş gətirməsi, lakin ordunun mülki əhaliyə, silahsız insanlara, hətta uşaqlara və yaralılara kömək etmək istəyən həkimlərə qarşı silah işlədərək onları gülləboran etməsi haqqında ürək ağrısı ilə söz açmışdır. O, həmin qanlı-qadalı günlərdə heç bir təşkilatın işləmədiyi, bütün iş sahələrinin, o cümlədən kütləvi informasiya vasitələrinin bağlandığı bir vaxtda üzləşdiyimiz informasiya blokadasını yarmaq üçün o vaxtlar qəzet buraxmağın zəruri olduğunu söyləmiş və çox çətinliklə də olsa, “Səhər” qəzetinin 12 səhifəlik sayının buraxılmasına nail olduqlarını, bu qəzetin əldən-ələ gəzdiyini vurğulamışdır. İlk dəfə olaraq bu qəzetdə şəhidlərin siyahısının, xalqımızın ağrı-acısı, insan tələfatı, törədilmiş dağıntılar barədə materiallar verildiyi diqqətə çatdırılmışdır.

M.Süleymanzadə 20 Yanvar və Xocalı şəhidlərinə həsr etdiyi, uşaqlara ünvanladığı şeirlərini səsləndirmişdir.

Z.Məhərrəmli qanlı faciənin ilk günlərində vaxtilə çalışdığı “Bakı” və “Baku” qəzetlərinin yaradıcı kollektivinin də bu hadisələrin mahiyyəti barədə çoxsaylı yazılar hazırladığını, o günlərdə hələ səngiməyən güllə yağışı altında müxtəlif mənbələrdən faktlar toplayaraq, materiallar və məqalələr dərc etdiyini bildirmişdir. O, Bakı Səhiyyə Baş İdarəsindən və paytaxtdakı müxtəlif xəstəxanalardan yaralılar barədə məlumatlar topladığını, azğınlaşmış hərbçilərin hətta yaralılara kömək göstərmək istəyən tibb işçilərini belə qətlə yetirdiklərini söyləmişdir. O dövrdə çapdan çıxmış “Qara Yanvar. Bakı – 1990” adlı kitabda və bu kitabın rus dilindəki variantında həmin yazıların da dərc olunduğu diqqətə çatdırılmışdır.

Yazıçı-jurnalist R.Səməndər hadisələrin baş verdiyi günlərdə Azərbaycan Dövlət Televiziyasında çalışdığını, sovet hərbçilərinin nəzarəti altında olan bu televiziyada verilişləri hazırlamağın çətinliyini, faciə ilə bağlı məlumatlar çatdırmağın yasaq olduğunu vurğulamışdır. O, həmin dövrdə əldən-ələ gəzən və 20 Yanvar faciəsi barədə ilk kitablardan və etibarlı mənbələrdən olan “Şəhidlər” kitabının çətin şəraitdə ərsəyə gətirməsi barədə məlumat vermişdir.

Tədbirlərdə Ş.Bunyatov, T.Fətullayev, S.Əzimzadə, M.Əliyev, G.Adilqızı, Ş.Xanməmmədova, E.Mehdiyeva faciə ilə bağlı şəhid olduğu hadisələr, habelə Azərbaycan həqiqətləri, fəaliyyətləri barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışlar. 

Liderlik məktəbinin üzvləri şəhidlərə həsr edilmiş və Vətən mövzusunda şeirlər söyləmişlər.

Bəzi qonaqlar öz kitablarını resurs mərkəzlərinin kitabxanalarına hədiyyə etmişlər.