Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ombudsman növbəti tədbir təşkil etmişdir

20-02-2017 9750 dəfə oxunub
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ombudsman növbəti tədbir təşkil etmişdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Bakıda və regionlarda Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər təşkil edir. Bu tədbirlərə Milli Məclisin deputatları, dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, QHT-lərin, icmaların, KİV-lərin, təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər qatılır. 

Növbəti belə tədbir Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində keçirilmişdir. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatı Jalə Əliyeva, Liderlik məktəbinin üzvləri, valideynlər və müəllimlər iştirak etmişlər. 

Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Müvəkkil çıxış edərək, Xocalı soyqırımının 25-ci ildönümü haqqında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planının icra olunaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Dövlət başçısı hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. 

Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının ölkəmizdə yayıldığı, habelə xaricdə nüfuzlu beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına, səfirliklərə və diaspor təşkilatlarına göndərildiyi diqqətə çatdırılmışdır. Respublikamızın xarici ölkələrdəki səfirlikləri və Azərbaycanın diaspor təşkilatları tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş konfranslarda və anım mərasimlərində, habelə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdə Müvəkkilin Bəyanatının səsləndirildiyi və iştirakçılara paylanıldığı bildirilmişdir. 

Yeri gəlmişkən, Ombudsmanın saytında “Xocalı 25” bölməsi yaradılmış, həmin bölmədə Xocalı soyqırımı ilə bağlı məlumatlar və film, Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı və bu sənədə əsasən müvafiq tədbirlər planı barədə məlumatlar, Müvəkkilin bəyanatı  yerləşdirilmişdir.

Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək, tədbirin təşkilinə görə Ombudsmana təşəkkürünü bildirmiş, xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin  keçirildiyini vurğulamışdır. O, qeyd etmişdir ki, artıq bir sıra ölkə Parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışdır.

Liderlik məktəbinin yetirmələri məlumat vermişlər ki, bir müddət əvvəl Ombudsman Azərbaycan həqiqətlərini Xocalı faciəsinin ildönümü ərəfəsində uşaqların öz müraciətləri ilə dünya ictimaiyyətinə, o cümlədən BMT Baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə çatdırmaq məqsədilə uşaqlar arasında kütləvi imzatoplama kampaniyası keçirmişdir. “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan ümumrespublika aksiyası çərçivəsində ölkəmizin müxtəlif güşələrində yaşayan və təhsil alan 310.000-dən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanmış, imza vərəqələri BMT Baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərilmiş və bu kampaniyada Liderlik məktəbi yetirmələrinin fəal iştirakı olmuşdur.

Şəbəkənin üzvləri Liderlik Məktəbində “Azərbaycan - yurdum mənim” mövzusunda keçirilən dərslərin onlara vətənpərvərlik ruhu, vətənə sədaqət, məhəbbət hissi aşıladığını, torpaqlarımızın işğaldan azad olunacağına, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılacağına inandıqlarını bildirmiş, vətən haqqında şeirlər söyləmişlər. 

Qonaqlar uşaqları maraqlandıran sualları cavablandırmışlar.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş Hərbi Prokurorluğun sifarişi əsasında Müdafiə Nazirliyi tərəfindən hazırlanmış film, habelə mərhum şairəmiz Nurəngiz Günün bu faciə ilə bağlı poeması əsasında çəkilmiş videofilm nümayiş etdirilmişdir.