Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ombudsman tərəfindən silsilə tədbirlər davam etdirilir

22-02-2017 9758 dəfə oxunub
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ombudsman tərəfindən silsilə tədbirlər davam etdirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Bakıda və regionlarda Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər təşkil edir. Bu tədbirlərə Milli Məclisin deputatları, dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, QHT-lərin, icmaların, KİV-lərin, təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər qatılır. 

“Xocalı soyqırımı beynəlxalq hüquq kontekstində” mövzusunda növbəti belə tədbir Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən şəhər 1 saylı tam orta məktəbdə Daşkəsən Rayon Təhsil Şöbəsi əməkdaşlarının, məktəb rəhbərliyinin, müəllim və şagird kollektivinin iştirakı ilə keçirilmişdir. 

İlk öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Bu faciə öz qurbanlarının məruz qaldığı açıq vəhşilik və qeyri-insani hərəkətlərin, pozulmuş insan hüquqlarının miqyasına görə bizə məlum olan dünya tarixində baş vermiş Xatın, Lidisa, Oradur kimi faciələr ilə eyni səviyyədə durur. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş, nəticədə bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmiş, şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuş, erməni silahlılarından yayınıb meşələrə, dağlara qaçmağa çalışan əliyalın soydaşlarımızın çoxu soyuqdan, şaxtadan məhv olmuşlar.

Bildirilmişdir ki, Xocalıda baş vermiş qanlı hadisələr zamanı Ermənistan dövləti Azərbaycan xalqına qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, işgəncə, girov götürülmə kimi beynəlxalq cinayətləri törətmiş, bunu edən canilər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdırlar. 

Tədbirdə Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə və mötəbər beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına göndərilmiş Bəyanatı səsləndirilmişdir.