Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi elmi-praktiki konfransda çıxış etmişdir

20-02-2017 9535 dəfə oxunub
Ombudsmanın nümayəndəsi elmi-praktiki konfransda çıxış etmişdir

17 fevral 2017-ci il tarixdə Xəzər Universitetində Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş “Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki konfrans keçirilmişdir. Tədbirin məqsədi ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən ardıcıl tədbirlərin cəmiyyətdə daha geniş təbliği, bu sahə üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması, həmin mövzularda tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlb edilməsi, həmçinin aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsinin aparılmasından ibarət olmuşdur.

Konfransda dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin elmi əməkdaşları və beynəlxalq ekspertlər iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova məruzə ilə çıxış edərək, ölkə Ombudsmanı Elmira Süleymanovanın fəaliyyəti dövründə həm xaricdə yaşayan azərbaycanlı emiqrantların, həm də ölkəmizdə yaşayan əcnəbilərin hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş müsbət təcrübələr, həyata keçirilən maarifləndirmə tədbirləri, qanunvericiliyin təkmilləşdirilməsi, habelə qanunsuz miqrantların saxlanılma mərkəzlərində miqrantların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması istiqamətdə Dövlət Miqrasiya Xidməti ilə təsisat arasında yaradılmış qarılıqlı səmərəli əməkdaşlıq barədə məlumat vermişdir.

O, Ombudsmanın “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə bu il ölkəmizin 57 şəhər və rayonunda dövlət qurumları, yerli icmalar, QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirdiyini, rayonlara səfəri zamanı əhalinin həssas qruplarına daxil olan miqrantların hüquqlarının qorunmasının diqqətdə saxılanıldığını vurğulamışdır. 

T.Cahangirova miqrantlarla iş aparılarkən dinamikaya diqqət yetirilməsinin zəruriliyini, ölkəmizdə miqrantların sayının və onların axınının tez-tez dəyişdiyini, miqrantların təkcə sayına deyil, həm də gəlmə səbəblərinə diqqət yetirməyin vacibliyini qeyd etmişdir. O, sığınacaq axtaran şəxslərə hüquqi və psixoloji yardımların göstərilməsinin, miqrantların müxtəlif qrupları üzrə təlim-tədris mərkəzlərinin yaradılmasının, habelə saziş qurumlarına və başqa beynəlxalq təşkilatlara dövlət hesabatlarının hazırlanmasına vətəndaş cəmiyyətinin iştirakı ilə, ictimai dinləmələr şəklində, konkret aspektlər üzrə miqrantları da cəlb etməklə müzakirələrin aparılmasının zəruriliyini vurğulamışdır.

T.Cahangirova gələn il Azərbaycanın BMT-nin Universal Dövri İcmal, BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxaq Pakt, Uşaq Hüquqları Konvensiyası lvə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabatını təqdim edəcəyini bildirmişdir. O, vurğulamışdır ki, Ombudsman təsisatı sözügedən komitələrə paralel hesabatları hazırlayaraq təqdim edəcək. Bu istiqamətdə dövlət orqanları ilə yanaşı, yerli QHT-ləri də cəlb etməklə geniş maarifləndirmə tədbirlərinin və fikir mübadiləsinin keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. 

Habelə təqdirəlayiq hal kimi, BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin müvafiq hesabatlarında Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycanın Konvensiyanın müddəalarını bütün ölkə ərazisində tətbiq etmək imkanının olmamasının əks etdirilməsi və BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icrasının zəruriliyinin göstərilməsi qeyd olunmuşdur.

Konfransın yekununda qətnamə qəbul edilmişdir.