Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Ahılların Resurs Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

18-02-2017 9201 dəfə oxunub
Ombudsmanın Ahılların Resurs Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

Məlum olduğu kimi, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Bakıda və regionlarda ay ərzində təşkil etdiyi silsilə tədbirlər davam etdirilir. 

Növbəti belə tədbir Ombudsmanın Ahılların Resurs Mərkəzində keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva, adı çəkilən resurs mərkəzində birləşən tənha, habelə qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan ahıl qadınlar, analar iştirak etmişlər.

İlk öncə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Müvəkkil çıxış edərək, XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında məlumat vermiş, hər il olduğu kimi, Azərbaycan həqiqətlərinin, haqq işimizin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yorulmadan fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində mübarizənin davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır. O, Xocalı soyqırımının 25-ci ildönümü haqqında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planının icra olunaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Dövlət başçısı hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımın tanınması ilə bağlı müvafiq qərarlar qəbul edilir. 

Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasəti barədə danışmış, Xocalı faciəsi zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulduğunu, yüzlərlə dinc sakinin ağır yaralandığını, 1275 nəfərin girov götürüldüyünü söyləmişdir. Eyni zamanda o, qeyd etmişdir ki, artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımış, habelə ABŞ-ın artıq 21 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.

Yeri gəlmişkən, Ombudsman təsisatının Tədbirlər planına əsasən, Müvəkkil tərəfindən ay ərzində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı paytaxtda və regionlarda Ombudsman Aparatının və Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə silsilə dəyirmi masalar, seminarlar və digər tədbirlər təşkil edilir. Bu tədbirlərə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, QHT-lərin, icmaların, KİV-lərin, təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər cəlb olunur. 

Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının ölkəmizdə yayıldığı, habelə xaricdə BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi diqqətə çatdırılmışdır. Respublikamızın xarici ölkələrdəki səfirlikləri və Azərbaycanın diaspor təşkilatları tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş konfranslarda və anım mərasimlərində, habelə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdə Müvəkkilin Bəyanatının səsləndirildiyi və iştirakçılara paylanıldığı bildirilmişdir. 

Tədbirdə Ombudsmanın  Bəyanatı səsləndirilmişdir.

Yeri gəlmişkən, Ombudsmanın saytında “Xocalı 25” bölməsi yaradılmış, həmin bölmədə Xocalı soyqırımı ilə bağlı məlumatlar və film, Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı və bu sənədə əsasən müvafiq tədbirlər planı barədə məlumatlar, Müvəkkilin bəyanatı  yerləşdirilmişdir.

Tədbirin sonunda mərhum şairəmiz Nurəngiz Günün Xocalı faciəsinə həsr olunmuş poeması əsasında çəkilmiş videofilm nümayiş etdirilmişdir.