Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Fransanın paytaxtı Parisdə bir qrup erməninin Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücumuna Ombudsmanın etiraz bəyanatı

17-06-2022 2439 dəfə oxunub
Fransanın paytaxtı Parisdə bir qrup erməninin Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücumuna Ombudsmanın etiraz bəyanatı

Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumata istinadən Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Onlar Azərbaycan Respublikasının Şuşa şəhəri, o cümlədən Qarabağ bölgəsi ilə bağlı təxribatçı şüarlar səsləndirib, dinc insanlara hücum edərək zorakılıq nümayiş etdiriblər. Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova və digər iştirakçılar xəsarət alıblar. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, dünyanın bir çox yerlərində söz, fikir və ifadə azadlığından istifadə etməklə Azərbaycan mədəniyyətini, tarixini dünya ictimaiyyətinə çatdırmağa çalışan azərbaycanlılar dəfələrlə milli, etnik və nifrət zəminində hücumlara məruz qalırlar.

Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin, Mülki və Siyasi Hüquqlar Haqqında və İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktların və digər beynəlxalq sənədlərin müddəalarının kobud pozulması ilə müşaiyət olunan bu hadisələr Ermənistanın etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük siyasətinin bariz nümunəsidir.

Ermənistanın dövlət siyasətinin əsasını təşkil edən və azərbaycanlılara qarşı ayrı-seçkiliyi, nifrəti alovlandıran, təşviq edən bu kimi təxribatçı əməllər, bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluğa” aşkar inamının sübutudur.

Ombudsman olaraq, Ermənistanın Azərbaycana, eyni zamanda xarici ölkələrdəki azərbaycanlı icmalarının üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir, Ermənistan tərəfini məqsədli gərginlik yaradaraq sülh danışıqlarına əngəl törətmək cəhdlərindən əl çəkməyə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq.

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

17 iyun 2022-ci il

 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.