Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Priventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinə başçəkmə həyata keçirib

14-09-2023 336 dəfə oxunub
Ombudsmanın Milli Priventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinə başçəkmə həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Priventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsinə tematik başçəkmə həyata keçirilib.                                             

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd uşaqların sosial ehtiyaclarının öyrənilməsi,  hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri, tibbi yardımın və psixoloji işin təşkili, qidalanma səviyyəsinin araşdırılması, eyni zamanda uşaqları “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunla tanış etmək olub.                                                 

Başçəkmənin gedişatında nahar fasiləsi zamanı MPQ-nin üzvlərinin və müəssisə rəhbərliyinin iştirakı ilə yeməkxanaya baxış keçirilib, yeməklərin keyfiyyəti və menyu ilə uyğunluğu araşdırılıb.                                                       

Daha sonra   müəssisənin akt zalında uşaqlarla görüşən Ombudsman Aparatının əməkdaşları təqdimat zamanı uşaqlara qanunda cəzaçəkmədən azad edilmiş uşaqların cəmiyyətə uğurlu adaptasiyası üçün nəzərdə tutulmuş tədbirlər barədə məlumat vermiş, təqdimatın sonunda uşaqların bütün suallarını cavablandırmışlar.                                                                                                                    

Başçəkmənin yekununda uşaqlar fərdi qaydada qəbul edilmiş, müraciətləri dinlənilmişdir. Fərdi söhbət zamanı uşaqlar paltaryuyan maşınla təmin olunmalarına dair köməklik göstərilməsini xahiş etmiş, bu barədə  müəssisə rəhbərliyi ilə söhbət aparılmış və məsələ yerində  həll olunmuşdur.