Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman nümayəndəsi mütəşəkkil cinayətkarlığın qarşısının alınması ilə əlaqədar beynəlxalq tədbirdə iştirak edib

24-05-2024 1245 dəfə oxunub
Ombudsman nümayəndəsi mütəşəkkil cinayətkarlığın qarşısının alınması ilə əlaqədar beynəlxalq tədbirdə iştirak edib

Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) regional nümayəndəliyi, Kanada və Böyük Britaniyanın bu ölkədəki səfirliklərinin təşkilatçılığı ilə “Mütəşəkkil cinayətkarlığın qarşısının alınması və onunla mübarizədə gender və insan hüquqları faktorunun nəzərə alınması” mövzusunda beynəlxalq tədbir keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Heydərov tədbirdə çıxış edərək ölkəmizin transmilli cinayətkarlıqla mübarizə sahəsində gördüyü işlər, həmçinin Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə keçirilən başçəkmələr barədə məlumat verib.

Eyni zamanda, Ombudsman Aparatı tərəfindən hazırlanmış, İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə həyata keçirilən faktaraşdırıcı missiyaların nəticələrini əks etdirən hesabatlar, hüquqi maarifləndirici nəşrlər BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin nümayəndələrinə və tədbir iştirakçılarına təqdim edilib.