Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı İnsan Hüquqları üzrə IV Səmərqənd Forumunda onlayn qaydada iştirak edib

14-06-2024 1196 dəfə oxunub
Azərbaycan Ombudsmanı İnsan Hüquqları üzrə IV Səmərqənd Forumunda onlayn qaydada iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Ətraf mühitlə bağlı çətinliklər: dəyişən dünyada insan hüquqlarının gələcəyi, dayanıqlı həll yolları üçün axtarış” mövzusunda keçirilən İnsan Hüquqları üzrə IV Səmərqənd Forumuna onlayn qaydada qoşularaq məruzə ilə çıxış edib. 

Ombudsman çıxışı zamanı hazırda dünyada mövcud olan qlobal iqlim problemlərinin insan hüquqlarının gələcəyi ilə bağlı bir sıra narahatlıqlara əsas yaratdığını bildirib. S.Əliyeva iqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə, habelə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. 

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən Ombudsman cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini də forum iştirakçılarının nəzərinə çatdırıb. Bununla yanaşı, ölkəmizdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı mühüm səylər göstərildiyi, o cümlədən dövlət proqramları, fəaliyyət planları və strategiyaların qəbul edilərək icra olunduğu diqqətə çatdırılıb. 

S.Əliyeva çıxışında həmçinin silahlı münaqişələrin ətraf mühitin çirklənməsinə səbəb olan əsas amillərdən biri olması məsələsinə diqqət çəkib. Ölkəmizin uzun illər ərzində qanunsuz işğaldan əziyyət çəkdiyini qeyd edən Ombudsman azad olunmuş ərazilərimizə səfərləri zamanı biomüxtəlifliyə, su mənbələrinə, flora və faunaya ciddi zərər vurulduğuna dair faktların aşkarlandığını bildirib. 

Bundan başqa, Ombudsman işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış yüz minlərlə partlamamış mina və hərbi sursatların hazırda keçmiş məcburi köçkünlərin həmin ərazilərə qayıdışını ləngitdiyini, insanların həyat və sağlamlığına ciddi təhdid törətdiyini diqqətə çatdırıb. O, həmçinin İkinci Qarabağ müharibəsinin başa çatdığı dövrdən etibarən əksəriyyəti mülki şəxslər olan 361 vətəndaşımızın mina qurbanı olduğunu, məhv edilmiş infrastrukturun, eləcə də ekosistemin bərpa edilməsinin uzun müddət və böyük maliyyə resursları tələb etdiyini söyləyib. 

Eyni zamanda, Ombudsman müharibə və postmüharibə dövrlərində həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri əsasında hazırlanmış xüsusi hesabat, bəyanat və müraciətlərin müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin milli insan hüquqları institutlarına və ombudsmanlarına ünvanlandığını bildirib.

Yekunda Azərbaycan Ombudsmanı ekoloji hüquqların müdafiəsi və təşviqi üçün yeni yanaşmaların və birgə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.