Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsinə dair seminar keçirilib

14-06-2024 1275 dəfə oxunub
Məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsinə dair seminar keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı “Məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Ombudsmanın Regional Mərkəzləri və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarının və BMT-nin ixtisaslaşmış qurumlarının ölkəmizdə akreditasiya olunmuş bölmələrinin əməkdaşlarının iştirak etdiyi seminarın əsas məqsədi müvafiq sahədə bilik və bacarıqların artırmasından ibarət olub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  Aparatının rəhbəri Aydın Səfixanlı giriş sözü ilə çıxış edərək Azərbaycan Ombudsmanı tərəfindən ölkəmizdə elan olunmuş 18 may – 18 iyun “İnsan hüquqları” aylığı çərçivəsində təşkil olunan seminarın məqsəd və vəzifələrini qeyd edib.

A.Səfixanlı çıxışında məcburi köçkün və qaçqın probleminin onilliklər boyu Azərbaycanda aktual olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yüz minlərlə insanın öz dədə-baba yurdundan didərgin salındığını, artıq 30 illik işğala son qoyularaq məcburi köçkün soydaşlarımızın hüquqlarının bərpa olunduğunu, azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinin və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib. Lakin həmin ərazilərin işğal dövründə kütləvi minalanmasının görülən quruculuq işlərinin ləngiməsinə, eləcə də mülki şəxslərin həyat və sağlamlığına təhdid yaratdığı diqqətə çatdırılıb.

Çıxışda qeyd edilib ki, həssas qruplardan olan şəxslərin, o cümlədən məcburi köçkün və qaçqın şəxslərin hüquqlarının müdafiəsi və təbliği sahəsində Azərbaycan Ombudsmanı oz mandatına uyğun olaraq geniş fəaliyyət həyata keçirib, yerli, regional və beynəlxalq platformalarda öz müraciətləri, bəyanatları və hesabatları vasitəsilə ilə diqqəti həmin kateqoriyadan olan insanların hüquqlarının müdafiəsi məsələsinə yönəldib.

Seminarda BMT QAK-ın Baş Ofisinin və Azərbaycandakı Nümayəndəliyinin ekspertləri, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və UNICEF-in yerli nüməyəndəliklərinin, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Baş Qərargahının ekspertləri tərəfindən təqdimatlar edilib. 

Təqdimatlarda qaçqınların beynəlxalq himayəsi, beynəlxalq hüquq çərçivəsində məcburi köçkünlərin və miqrantların hüquqları, onların inteqrasiyası, vətəndaşsızlığın aradan qaldırılması, doğumun qeydə alınması, o cümlədən bu sahədə müvafiq prosedurlara dair məsələlər əhatə olunub.

Tədbir məlumat və müzakirə formatında davam edib, iştirakçılar mövzu üzrə fikir və təcrübə mübadiləsi aparıblar.