Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Tatarıstan Respublikasında beynəlxalq konfransda iştirak edib

13-09-2023 286 dəfə oxunub
Ombudsman Tatarıstan Respublikasında beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kazan şəhərində “Ombudsmanların səmərəli təcrübələri: milli xüsusiyyətlər və universal yanaşmalar” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Xarici ölkələrin ombudsmanlarının və milli insan hüquqları institutlarının rəhbərlərinin də iştirak etdiyi tədbirdə “Sosial hüquqların təmin edilməsində Ombudsmanın rolu” mövzusunda çıxışı zamanı Müvəkkil Azərbaycanda əhalinin sosial müdafiəsi məsələlərinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib.

S.Əliyeva Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılmasında, milli qanunvericiliyin təkmilləşdirilməsi prosesində, dövlət proqramlarının və milli fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsində fəal iştirak etdiyini diqqətə çatdırıb.

Ombudsman “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər barədə ətraflı məlumat verib, ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan bəhs edib.

Müvəkkil müxtəlif vaxtlarda illik hesabatlarda və aidiyyəti dövlət qurumlarına müraciətlərdə təqdim edilmiş tövsiyələrin pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət proqramlarının və tədbirlər planlarının hazırlanmasında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Ombudsman “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində irimiqyaslı layihələrin tam sürətlə həyata keçirildiyini, lakin Ermənistanın işğalı zamanı Azərbaycan ərazilərinə basdırılmış minaların keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı prosesini ləngitdiyini qeyd edib.