Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

28-06-2024 1656 dəfə oxunub
Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının Türkiyənin İstanbul şəhərində keçirilən 25-ci iclasında iştirak edib. 

Yaponiyanın, Cənubi Koreyanın, Çinin, Honkonqun, Pakistanın, Türkiyənin, Tatarıstanın, İranın ombudsman təsisatlarının rəhbərləri və nümayəndələrinin iştirak etdiyi iclasda Assosiasiyanın ötən müddət ərzində fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılıb. 

Ombudsman çıxışı zamanı iclasın gündəliyində duran məsələlərə öz münasibətini bildirib. Eyni zamanda, Müvəkkil hazırda dünya üçün aktual məsələlərdən biri olan biznes və insan hüquqları sahəsinin önəmini vurğulayıb, bu istiqamətdə təsisat tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Müvafiq sahədə ilkin milli qiymətləndirmə sənədinin hazırlandığını qeyd edib.

Ombudsman Assosiasiyaya üzv ölkələr arasında həmin sahədə təcrübə mübadiləsinin aparılması və birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə qurum nəzdində biznes və insan hüquqları sahəsində regional platformanın yaradılmasını təklif edib.

Daha sonra BMT-nin İnkişaf Proqramının İstanbul regional mərkəzinin nümayəndəsi tərəfindən "Biznes və insan hüquqları üzrə ilkin qiymətləndirmə sənədi: Azərbaycan təcrübəsi" mövzusunda təqdimat keçirilib. Təqdimat zamanı müvafiq sahədə BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin Ombudsman təsisatı ilə birgə həyata keçirdiyi əməkdaşlıqdan, milli qiymətləndirmə sənədinin hazırlanması prosesindən bəhs olunub.