Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Penitensiar Xidmətin müəssisələrinə başçəkmələr davam etdirilib

07-08-2024 1118 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Penitensiar Xidmətin müəssisələrinə başçəkmələr davam etdirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmələr əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin Umbakı Penitensiar Kompleksinə və Müalicə Müəssisəsinə həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı müraciətləri və təsadüfi seçim əsasında bu müəssisələrdə saxlanılan bir sıra şəxslər, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar qəbul edilib. Onların müraciətləri dinlənilib, onlara Ombudsmanın səlahiyyətləri izah olunub, bəzilərinin ərizələri qəbul edilib.

MPQ üzvləri tərəfindən Penitensiar Xidmətin Müalicə Müəssisəsində konfidensial qaydada qəbul edilən Fazil Qasımov barəsində olan cinayət işi ilə bağlı qida qəbulundan imtina etdiyini bildirib, qaldırdığı məsələlər üzrə müraciətləri yerində qəbul olunub. F.Qasımovun sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması ilə də bağlı müalicə müəssisəsinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Qeyd etmək lazımdır ki, F.Qasımov əvvəl də saxlanıldığı müəssisədə MPQ üzvləri tərəfindən qəbul edilib, hüquqlarının müdafiəsi ilə bağlı hüquq mühafizə orqanlarına və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müvafiq müraciətlər ünvanlanıb.

Başçəkmələrin yekununda həmin müəssisələrin rəhbərliyi və məsul əməkdaşları ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.