Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Masallıda keçirilib

07-08-2024 876 dəfə oxunub
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Masallıda keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti dəyirmi masa Masallıda təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən bəhs edib, MSK və Ombudsman Aparatının birgə təşkil etdiyi tədbirlərin bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından vacib rol oynadığını bildirib.

Komissiyanın üzvü, həmçinin MSK tərəfindən görülən işlər, eləcə də təşkil edilməsi planlaşdırılan tədbirlər barədə də ətraflı məlumat verib, bu cür tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışı zamanı ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, Fəaliyyət Proqramının 3.10-cu bəndinin tələbləri barədə məlumat verib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb. O, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu istiqamətdə artıq Bakıda Gəncədə və Şəkidə təşkil edildiyini, bu gün isə növbəti tədbirin Masallıda keçirildiyini qeyd edib.

A.Səfixanlı, eyni zamanda, ölkəmizdə vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib, müşahidəçilik institutunun əhəmiyyətindən, Müvəkkilin və təsisatın bu prosesdəki rolu barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra MSK Katibliyinin Təşkilat şöbəsinin baş məsləhətçisi Şirzad Məmmədli tədbirdə məruzə ilə çıxış edib, respublikamızda seçkilərin yüksək səviyyədə təşkil olunması üzrə həyata keçirilən tədbirlərdən, MSK tərəfindən görülən işlərdən, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan danışıb.

Tədbirdə, həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Ombudsman Səbinə Əliyevanın, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.