Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

03-10-2024 1277 dəfə oxunub
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə keçirilmiş “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, eləcə də Türkiyə, Macarıstan, Qırğızıstan, Filippin, Keniya, Şimali Makedoniya, Mərakeş və Moldovadan ombudsmanlar, milli insan hüquqları institutlarının rəhbərləri, informasiya komissarları və insan hüquqları sahəsində ekspertlər iştirak edirlər.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş çoxsaylı genosid, urbisid, ekosid, kultursid cinayətləri və digər faktlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda yerində müşahidənin həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, oktyabrın 2-də 30-a yaxın ölkədən 60-dan çox qonaq, o cümlədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər – ümumilikdə 200-dən çox şəxsin iştirak etdiyi Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib.

Forumda qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə edilib, bu sahədə mövcud müsbət təcrübələri paylaşılıb.

Yekunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun Bəyannaməsi səsləndirilib və qəbul olunub. Bəyannamə ekoloji problemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsinə, həmçinin müvafiq sahədə məlumatlılığın artırılmasına öz töhfəsini verəcəkdir.