Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş fundamental hüquq və azadlıqları tapdalanmış, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, müharibə cinayətləri törədilmişdir.
Azərbaycanlıların onilliklər boyunca davamlı olaraq pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə atılan hüquqi addımlar ədalətin təmin olunması baxımından olduqca əhəmiyyətlidir.
Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın bu ölkəyə qarşı hüquqi iddiasına, habelə Ermənistanın mina terroru ilə əlaqədar faktlara mahiyyəti üzrə baxmaq qərarını təqdirəlayiq hesab edirik.
Ermənistanın işğal müddətində və daha sonra ərazilərimizdə mina və mina tələlərinin yerləşdirilməsi ilə bağlı Azərbaycan tərəfinin haqlı iddialarının məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdlərinin məhkəmə tərəfindən rədd edilməsini ədalətin bərpa olunması istiqamətində atılan mühüm addım kimi qiymətləndiririk.