Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə, Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə tər çiçəklər düzüblər.
Daha sonra, Ombudsman Səbinə Əliyeva Aparatın əməkdaşları ilə Hökümət evində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün ucaldılmış büstü ziyarət edib, Dahi Şəxsiyyətin xalqımız qarşısında göstərdiyi əvəzsiz xidmətləri barədə danışıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yardılması və inkişafında, eləcə də vətəndaşlarımızın hüquq və azadlıqlarının təmini və müdafiəsi də daxil olmaqla, bütün sahələrdə aparılan islahatlardan, mötəbər tribunalardan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində atdığı addımlar barəsində məlumat verib.