Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrimizin və azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdıldığı yerlərdə və İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi hücumlarına məruz qalmış, mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrində faktaraşdırıcı missiya həyata keçirməkdir.
Bu gün nümayəndə heyəti Ombudsman Səbinə Əliyeva ilə birlikdə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhu ehtiramla yad edilib.
Səfər çərçivəsində həyata keçiriləcək geniş fəaliyyət barədə ictimaiyyətə müntəzəm məlumat veriləcək.