Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 2024-cü il üzrə hüquqi maarifləndirmə sahəsində Tədbirlər Planı çərçivəsində silsilə tədbirlər davam etdirilir.
Belə ki, dekabrın 27-də Ombudsman Aparatı tərəfindən “Uşaq hüquqlarının müdafiəsində yerli icra hakimiyyətlərinin rolu” mövzusunda maarifləndirici görüş təşkil olunub. Tədbir Bakı şəhəri üzrə yerli icra hakimiyyətlərinin başçılarının müavinləri, icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların üzvlərinin iştirakı ilə keçirilib. Ombudsmanın regional mərkəzlərinin, habelə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri də tədbirə onlayn formada qatılıblar.
Tədbirin məqsədi iştirakçıların uşaq hüquqlarının müdafiəsi sahəsində biliklərinin artırılması və ölkədə uşaq hüquqlarının həyata keçirilməsində mövcud çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələrin aparılmasından ibarət olub.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının qorunmasında müstəqil monitorinq mexanizmi kimi Ombudsman təsisatının rolu, müxtəlif əhali qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, Müvəkkilə verilmiş yeni səlahiyyətlər barədə məlumat verib, eyni zamanda, 2024-cü il üzrə Müvəkkil tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən paytaxtda və regionlarda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları Nigar Ağayeva və Azər İsalı çıxış edərək uşaq hüquqlarına dair mövcud qanunvericilik aktları, institusional sistem və müdafiə mexanizmləri, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının vəzifələri barədə geniş məlumat verib. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə Ombudsmanın mandatı, Müvəkkilə ünvanlanan müraciətlər nəticəsində aşkar olunan məsələlər, BMT-nin Uşaq Hüquqları Komitəsinin ölkənin beşinci və altıncı birgə dövri məruzəsinə verdiyi tövsiyələr, həmçinin Ombudsmanın illik məruzələrində irəli sürülən təkliflər diqqətə çatdırılıb.
Tədbir yerli icra hakimiyyətlərinin nümayəndələrinin çıxışları ilə davam edib, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud çatışmazlıqlar və onların həlli yolları üzrə müzakirələr aparılıb.