“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ADA” Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı ilə “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində debat forumu keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva həyata keçirilən layihənin əhəmiyyətini vurğulayaraq, uşaq hüquqlarının müdafiəsi sahəsində Müvəkkilin rolunu, rəqəmsal mühitdə uşaqların qorunmasına dair fəaliyyəti diqqətə çatdırıb.
Tədbirdə moderator qismində iştirak edən Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı çıxış edərək rəqəmsal mühitdə mövcud təhlükələr, belə hallarla mübarizədə müdafiə üsulları, bu istiqamətdə mövcud qanunvericilik aktları barədə məlumat verib, onlayn mühitdə uşaqların təhlükəsizliyin təmin edilməsi ilə bağlı şagird və valideynlərə tövsiyələr verib.
Forumda “Valideynlər və uşaqlar üçün şəxsi məlumatların qorunması”, “İnternetdən təhlükəsiz istifadə etməyin yolları”, “Kiberbullinq”, “Rəqəmsal təhlükəsizlik insidentləri ilə mübarizə aparmağın yolları” mövzuları üzrə müzakirələr aparılıb.
Tədbirin yekununda uşaqların internetdə təhlükəsiz və faydalı vaxt keçirməsi mövzusunda tərəfdaş qurumların nümayəndələrinin müzakirələri əsasında fəal uşaqlar və valideynlər müxtəlif nominasiyalar üzrə təltif olunublar.