Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Filippində keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

25-06-2023 290 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Filippində keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova Filippinin paytaxtı Manilada İnformasiya Komissarlarının Beynəlxalq Konfransı (ICIC) və Filippin hökuməti tərəfindən “Millətlər arasında məlumat körpüsünün yaradılması: İnformasiyaya əlçatanlığın demokratiyanın qorunmasında, inklüzivlik və inkişafda qlobal rolunun konkretləşdirilməsi” mövzusunda təşkil olunan konfransda iştirak ediblər.

Qeyd olunmalıdır ki, Ombudsman Səbinə Əliyevanın beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində sözügedən beynəlxalq qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq əlaqələri qurulmuş və Azərbaycan Ombudsman təsisatı informasiya əldə etmək hüququ sahəsində beynəlxalq arenada fəaliyyətin genişləndirilməsi məqsədilə həmin təşkilata institusional üzv olmuşdur.

Konfransın məqsədi informasiya əldə etmək hüququnun müdafiəsi və təşviqində informasiya komissarlarının rolunu gücləndirmək, müsbət təcrübənin öyrənilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.

Konfransda təqdimatla çıxış edən L.Zeynalova Ombudsmanın informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib. Münaqişə dövründə həqiqəti əks etdirməyən saxta məlumatların sosial mediada yayımlanaraq insanların doğru məlumat alma imkanlarının məhdudlaşdırılması ilə bağlı problemə toxunan məruzəçi İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən törədilən belə əməlləri konkret nümunələrə əsaslanaraq iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, azad olunmuş ərazilərimizin işğal dövründə Ermənistan tərəfindən kütləvi şəkildə minalandığı, dəqiq mina xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi nəticəsində çoxsaylı mülki şəxslərin mina qurbanına çevrildiyi bildirilib.

Sonda ICIC-in rəsmiləri tərəfindən konfransın nəticələri elan olunaraq, Azərbaycan Ombudsmanının mövqeyi səsləndirilib, işğaldan azad edilmiş ərazilərimizdəki mövcud mina probleminin həlli istiqamətində görülən işlərin ICIC-in üzvləri tərəfindən dəstəklənməsinin zəruriliyi qeyd olunub.