Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində cəzaçəkmə müəssisələrinə başçəkmələr davam etdirilib

24-06-2023 348 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində cəzaçəkmə müəssisələrinə başçəkmələr davam etdirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilmiş başçəkmələrdə məqsəd müəssisələrdə saxlanılma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin edilməsi, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsindən ibarət olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələr çərçivəsində saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisələrinin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissələrinə, yeməkxana, ərzaq anbarı, mətbəxinə baxışlar keçirilib, həmçinin tibbi yardımın təşkili, yemək-qidalanma təminatı, görüş və telefon danışıqları ilə bağlı hüquqların təmin olunması vəziyyəti və sənədləşmə araşdırılıb.

Bununla yanaşı, MPQ üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılmış şəxslər konfidensial qaydada qəbul edilib və onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub, bir sıra müraciətlər yerində araşdırılıb və təmin edilib. 

Yekunda cəzaçəkmə müəssisələrinin rəhbərliyi və məsul əməkdaşlarla məhkumların saxlanma şəraiti və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.