Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub

14-04-2025 183 dəfə oxunub
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub

Daxili işlər orqanları əməkdaşlarının insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində peşəkarlığının, dünyagörüşünün, normativ hüquqi aktları tətbiqetmə bacarığının artırılması və onların innovativ iş metodlarına yiyələnməsi məqsədilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında mütəmadi olaraq müxtəlif aktual mövzular üzrə maarifləndirmə tədbirləri təşkil edilir.

Bu tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi tərəfindən rayon (şəhər) polis idarə və şöbələrinin rəhbər heyəti üçün fənn müəllimi ilə birgə keçirilmiş seminar “Korrupsiyaya qarşı mübarizə. Polisin fəaliyyətində insan hüquqlarının qorunması, bu sahədə Daxili İşlər Nazirliyinin və beynəlxalq normativ hüquqi aktların tələbləri” mövzusuna həsr olunub.

Tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov ölkəmizdə insan hüquqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, Ombudsman tərəfindən bu istiqamətdə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.

Dərs prosesində mövzu üzrə interaktiv fikir mübadiləsi aparılıb və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.