Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və Baş Prokurorluq tərəfindən beynəlxalq konfrans təşkil olunub

23-06-2023 285 dəfə oxunub
Ombudsman Aparatı və Baş Prokurorluq tərəfindən   beynəlxalq konfrans təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə "Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması" mövzusunda konfrans təşkil edilib. Tədbirdə Ombudsman Aparatının, Baş Prokurorluğun əməkdaşları, beynəlxalq təşkilatların, biznes qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tədbirdə açılış nitqi ilə çıxış edərək, biznes və insan hüquqları sahəsində ölkəmizdə Ombudsman təsisatı tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verib.

Müvəkkil BMT tərəfindən qəbul olunan “Biznes və insan hüquqları sahəsində rəhbər prinsiplər”in implementasiyası və bu sahədə Milli Fəaliyyət Planının hazırlanması istiqamətində ardıcıl işlərin aparıldığını bildirib.

Ombudsman milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində fəaliyyət istiqamətlərini təsbit edən Edinburq Bəyannaməsinin müddəalarından irəli gələrək müvafiq sahənin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olunduğunu diqqətə çatdırıb.

Müvəkkil qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə fəaliyyəti çərçivəsində Baş Prokurorluqla əməkdaşlığın uğurla davam etdirildiyini söyləyib.

Sonra Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatı tərəfindən hazırlanmış və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə çap olunmuş “BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə ümumi baxış” adlı çap vəsaiti tədbir iştirakçılarına təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə biznes və insan hüquqları sahəsində aparılan institusional islahatlar, bu sahədə həyata keçirilən tədbirlər, mövcud qanunvericilik bazası barədə məlumat verib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Prezident İlham Əliyevin biznes və insan hüquqları sahəsində apardığı mütərəqqi islahatlardan bəhs edib, ölkəmizin iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş qərarların xalq tərəfindən müsbət qarşılandığını qeyd edib.

Sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Biznes fəaliyyətinin şəffaflığı və müvafiq dəstək mexanizmləri" və "Dayanıqlı inkişaf kontekstində məsuliyyətli biznes" mövzularında çıxış ediblər.

Ombudsman Səbinə Əliyevanın moderatorluğu ilə davam edən konfransda BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin məsləhətçisi İrakli Kotetişvili və "IBLF Global" qeyri-hökumət təşkilatının baş direktoru Brook Horovitz "Dürüstlüklə biznes etmək - davamlı inkişafın açarı" və "Dürüstlüklə biznes qurmaq: korrupsiya ilə mübarizə və insan hüquqlarını qorumaq üçün özəl sektor üçün yeni yanaşmalar" mövzularında təqdimatla çıxış ediblər. Çıxışlarda biznesdə dürüstlük prinsipləri, korrupsiyaya qarşı mübarizə sahəsində problemlərin həlli, beynəlxalq standartların milli səviyyədə implementasiyası məsələləri barədə məlumat verilib.

Sonda sahibkarlıqda insan hüquqlarının təmini, qadın sahibkarlığının inkişafı, şəffaflığın təmin olunması mövzularında çıxışlar edilib, ətraflı müzakirələr və fikir mübadiləsi aparılıb.