Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

22-06-2023 313 dəfə oxunub
Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) ilə tanışlıq. Mina qurbanlarına dəstək” mövzusunda seminar təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, beynəlxalq ekspertlər, Bakı Dövlət Universitetinin tələbələri və Ombudsman Aparatının əməkdaşları iştirak ediblər.

Seminarın məqsədi minaların insan həyatına yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılan partlamamış minaların təmizlənməsi ilə bağlı həyata keçirilən fəaliyyətlə tanışlıq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi olub.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Nümayəndəliyinin başçısının əməliyyatlar üzrə müavini İqnasiyo Kasares Qarsiya açılış nitqi ilə çıxış edərək seminarın işinə uğurlar arzulayıblar.

Çıxışı zamanı S.Əliyeva Azərbaycanın üzləşdiyi mina problemləri haqqında ətraflı məlumat verib. Ombudsman otuz ilə yaxın işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda mina terroru törədildiyini, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edib. Müvəkkil Ermənistanın dəqiq mina xəritələrini hələ də ölkəmizə təhvil vermədiyini, mina və hərbi sursatların partlaması nəticəsində hərbçilərin və mülki şəxslərin həlak olduğunu bildirib.

Tədbirdə təqdimatlarla çıxış edən ekspertlər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə məlumat verib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Seminarda, həmçinin mövzu üzrə tematik qrup müzakirələri təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.