Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilən dəyişikliklər təsdiqlənib

25-07-2023 291 dəfə oxunub
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilən dəyişikliklər təsdiqlənib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu təsdiqləyib.

Sənədə əsasən, Müvəkkilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək səlahiyyəti verilib.

Eyni zamanda, Ombudsman insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.

Qanuna əsasən, Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edəcək.

Bununla yanaşı, Müvəkkilə şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək və bu Konstitusiya Qanununun II fəsli ilə müəyyən edilmiş qaydada şikayətlərə baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək səlahiyyətləri də verilib. Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10 iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verməlidir.

Həmçinin Ombudsman informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər.

Qanuna edilmiş dəyişikliklər və digər normalar ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və təsisatın əməkdaşları adından insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində Ombudsmanın həyata keçirdiyi fəaliyyətə verilən dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk.