Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Tələbə və magistrantların Ombudsman Aparatındakı təcrübələri başa çatıb

16-06-2023 302 dəfə oxunub
Tələbə və magistrantların Ombudsman Aparatındakı təcrübələri başa çatıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında tələbə və magistrantların istehsalat və elmi-tədqiqat təcrübələrinə yekun vurulub.

Nəzəri və praktiki hissədən ibarət olan təcrübə müddətində praktikantlar əvvəlcə Ombudsman və Aparatın rəhbər vəzifəli şəxsləri tərəfindən interaktiv formada keçirilən mühazirə dərslərində iştirak ediblər. Mühazirə zamanı tələbə və magistrantlara “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, Ombudsmanın insan hüquqlarının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması, informasiya əldə etmək hüququnun müdafiəsi, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, işgəncələrin qarşısının alınması sahəsindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Sonra müvafiq struktur bölmələrdə praktiki iş prosesinə cəlb edilən təcrübəçilər Ombudsman Aparatında fəaliyyət göstərən İnsan Hüquqları Kitabxanası ilə tanış olub, buraxılış işləri və magistrlik dissertasiyalarının yazılması üçün seçilmiş mövzulara uyğun zəruri hüquq ədəbiyyatlarından faydalanmaq imkanı əldə ediblər.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Qərbi Kaspi Universitetinin, Bakı Avrasiya Universitetinin və Xəzər Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan 69 tələbə və magistrantı Ombudsman Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi keçiblər.

 Ombudsman Səbinə Əliyeva təcrübə müddətini uğurla başa vuran bütün praktikantlarla görüşərək, hər birini ali təhsil pilləsində əhəmiyyətli rolu olan bu mərhələni müvəffəqiyyətlə tamamladıqlarına görə təbrik edib, təhsil, iş və şəxsi həyatlarında uğurlar arzulayıb. Daha sonra tələbə və magistrantlara Ombudsman tərəfindən xasiyyətnamələr təqdim olunub.

Sonda praktikantlar təcrübə zamanı yaradılan imkana, habelə gənclərə göstərilən diqqətə görə Ombudsmana öz təşəkkürlərini bildiriblər.