Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Paytaxt və regionlarda uşaqların zorakılıqdan müdafiəsinə dair növbəti təlimlər keçirilib

09-06-2023 253 dəfə oxunub
Paytaxt və regionlarda uşaqların zorakılıqdan müdafiəsinə dair növbəti təlimlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi”nə dair müvafiq yarımbəndinin icrasında iştirak edilməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə olunub.

Bu məqsədlə, Ombudsman Aparatı və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı ilə paytaxt və regionlarda yerləşən ümumtəhsil məktəblərində psixoloq, müəllim və şagirdlərin iştirakı ilə “Uşaqların zorakılıqdan müdafiəsi”nə dair növbəti silsilə təlimlər keçirilib.

Cari ildə keçirilən təlimlərin davamı olaraq, Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən Bakı şəhərinin Yasamal rayonu 286 saylı, Nəsimi rayonu 240 saylı, Xətai rayonu 165 saylı, Qaradağ rayonu 110 saylı, Binəqədi rayonu 297 saylı, Nizami rayonu 129 və 61 saylı tam orta məktəblərində təlimlər təşkil edilib.

Bununla yanaşı, may ayı ərzində Ombudsmanın Regional mərkəzləri tərəfindən Quba rayonunda 8, Şəki şəhərində 2, Masallı rayonunda 2 və Yardımlı rayonunda yerləşən 1 təhsil müəssisəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Təlimlərdə şagirdlərə uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib, uşaqların ayrı-seçkilik, istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən qorunmasına dair təqdimatlar nümayiş etdirilib. Eyni zamanda, iştirakçılara Müvəkkilin 916 nömrəli Çağrı Mərkəzi barədə məlumat verilib. 

Qeyd edək ki, cari ildə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 390, regionlarda isə 1670 nəfər olmaqla, ümumilikdə 2100-dən artıq şəxs keçirilmiş təlimlərdə iştirak ediblər.