Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilmiş tədbirdə iştirak edib

08-06-2023 240 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilmiş tədbirdə iştirak edib

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Gender bərabərliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, kollecin direktoru Oruc Məmmədov, müəllim və tələbə heyəti iştirak ediblər.

Çıxış zamanı L.Zeynalova Müvəkkil tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” ilə əlaqədar respublikanın bütün regionlarında silsilə tədbirlərin və müzakirələrin təşkil edildiyini, geniş hüquqi maarifləndirmə və təbliğat işlərinin aparıldığını diqqətə çatdırıb.

Eyni zamanda, Müvəkkilin fəaliyyətində gender bərabərliyinin təmin olunması məsələsinə xüsusi diqqət yetirildiyi, əhalinin digər kateqoriyalarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edilib ki, Ombudsman tərəfindən qadınların işlə təmini, onların iqtisadi imkanlarının, sosial, xüsusilə də təhsil və tibbi xidmətlərdən istifadə imkanlarının genişlənməsi üzrə bir sıra tədbirlər həyata keçirilib, problemlərinin həlli məqsədilə səlahiyyətli orqanlara çoxsaylı müraciətlər ünvanlanıb və nəticədə onların hüquqları təmin olunub.

Sonda kollec rəhbərliyi və digər tədbir iştirakçıları səmərəli əməkdaşlığa görə Ombudsmana təşəkkürlərini bildiriblər.