Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

06-06-2023 213 dəfə oxunub
Ombudsman AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristoferseni qəbul edib. Görüşdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov da iştirak edib.

Görüş zamanı S.Əliyeva Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ombudsman Konstitusiya Qanununda təsbit edilmiş mandatının mövcud müsbət beynəlxalq təcrübəyə uyğun olaraq genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif olunan əlavə və dəyişikliklərdən bəhs edib.

Ombudsman Milli Preventiv Mexanizm qrupu ilə birgə insanların öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq başçəkmələr həyata keçirildiyini bildirib. Eyni zamanda, MPM fəaliyyəti ilə bağlı illik hesabatların dərc olunduğu, indiyədək hazırlanmış hesabatlarda qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş 200-dən çox təklif və tövsiyənin öz əksini tapdığı qeyd edilib.

Ombudsman əlilliyi olan şəxslərin, ahılların, uşaqların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsinə daim diqqətlə yanaşıldığını vurğulayıb.

Müvəkkil Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumatları bu günədək təqdim etmədiyini bildirib. Həmçinin Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında mina terroru həyata keçirildiyi, basdırılmış minaların azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışı ləngitdiyi, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaratdığı diqqətə çatdırılıb.

Görüşdə qonaqların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.