Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Bakı Modern Təhsil Kompleksinin şagirdləri və pedaqoji heyəti üçün “Uşaq hüquqlarının müdafiəsi: rəqəmsal mühitdə mövcud təhlükələr və onlardan müdafiə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları Azər İsalı və Əfsanə Əliyeva təlimçi qismində çıxış edərək uşaqların hüquq və azadlıqlarının qorunmasının əhəmiyyəti, rəqəmsal mühitdə zorakılıq hallarının qarşısının alınması, hüquq pozuntuları və onların nəticələri barədə ətraflı məlumat veriblər.
Təlim zamanı mövzuya dair nümunələr əsasında şagirdlərlə müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib. Həmçinin Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə geniş məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, təhsil müəssisəsinə Ombudsman Aparatı tərəfindən uşaq hüquqlarının qorunması sahəsində hazırlanmış maarifləndirici nəşrlər təqdim edilib. Təlimdən 140 nəfər faydalanıb.