Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Səbinə Əliyeva Azərbaycanın Ombudsmanı seçilib

04-11-2026 73 dəfə oxunub
Səbinə Əliyeva Azərbaycanın Ombudsmanı seçilib

03 noyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi ilə bağlı məsələ müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş üç namizəd sırasından Səbinə Əliyeva mütləq səs çoxluğu ilə (100 lehinə, 1 əleyhinə və 7 bitərəf səslə) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Daha sonra Səbinə Əliyeva növbəti 7 il ərzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsində səlahiyyətlərini şərəf və ləyaqətlə yerinə yetirəcəyi, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyi, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyi ilə bağlı and içib.

Ombudsman çıxışı zamanı bu vəzifəyə namizədliyimin irəli sürülməsi ilə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Eyni zamanda, göstərilən inama görə Milli Məclisin Sədrinə və bütün deputatlarına təşəkkür edib.

Səbinə Əliyeva ötən illər ərzində həyata keçirdiyi fəaliyyətin insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, Müvəkkilə əlçatanlıq imkanlarının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və digər istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb.

Müvəkkil, həmçinin həssas əhali qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsinin, milli preventiv və müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsinin, regionlarda Ombudsmana əlçatanlığın artırılmasının, habelə rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların təşviqi və tətbiqinin prioritet istiqamətlər sırasında olacağını qeyd edib.