Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Naxçıvan Regional Mərkəzi tərəfindən M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində, Naxçıvan şəhəri Heydər Əliyev adına tam orta məktəbində, Babək şəhər 1 nömrəli tam orta məktəbində, Qıvraq qəsəbə tam orta məktəbində, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində və Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib.
“Uşaq hüquqlarının müdafiəsi hər birimizin məsuliyyətidir”, “Uşaq hüquqlarının müdafiəsində ailənin, məktəbin və dövlət qurumlarının birgə məsuliyyəti” və “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzularında təşkil olunmuş tədbirlərdə təhsil müəssisələrinin və dövlət qurumlarının hüquq və öhdəlikləri, uşaq hüquqlarının qorunması istiqamətdə qarşılıqlı əməkdaşlığın vacibliyi, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsil alması və hərtərəfli inkişafı istiqamətində cəmiyyətin üzərinə düşən vəzifələr barədə məlumat verilib.
Tədbirlərdə, həmçinin iştirakçılar Ombudsmanın uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə də məlumatlandırılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.