Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şuşa həbsxanası ərazisində kütləvi məzarlığın aşkarlanması faktı ilə bağlı Ombudsmanın reaksiyası

03-06-2023 247 dəfə oxunub
Şuşa həbsxanası ərazisində kütləvi məzarlığın aşkarlanması faktı ilə bağlı Ombudsmanın reaksiyası

Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan işğalı dövründə insanların qətlə yetirilməsi və kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir kütləvi məzarlıq bu gün Şuşa şəhərində aşkarlanmışdır. İlkin məlumatlara əsasən, həmin məzarlıqda ən azı dörd nəfərin qalıqları tapılmışdır.

Xüsusi diqqət çəkən məqamlardan biri budur ki, kütləvi məzarlıq Şuşa həbsxanası ərazisində aşkarlanmışdır. Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları və şahid ifadələrini bir daha təsdiq etmiş oldu.

Təəssüf hissi ilə bildiririk ki, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozmaqla törətdiyi cinayətlərə dair faktların sayı bununla məhdudlaşmır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə daha öncə aşkarlanmış kütləvi dəfn yerləri ilə bağlı da Ombudsman tərəfindən dünya ictimaiyyətinə müraciətlər ünvanlanmış, Xocavənd rayonunun Edilli kəndində tapılmış məzarlıqlarda aparılmış yerində araşdırmaların nəticələrinə dair ayrıca hesabat hazırlanmışdır.

Azad olunmuş ərazilərimizdə davamlı olaraq kütləvi məzarlıqların aşkar edilməsi Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətini bir daha sübut edir. Eyni zamanda, vurğulamaq istərdik ki, Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin ailə üzvlərinin dərin iztirab çəkməsinə səbəb olmaqdadır. Ermənistan tərəfi bu məsələdə də öz məsuliyyətindən boyun qaçıraraq kütləvi dəfn yerləri barədə məlumatların təqdim edilməsindən yayınmışdır.

Azərbaycan Ombudsmanı olaraq, bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının, insan hüquq və azadlıqlarının kobudcasına pozulmasını sübut edən bu kimi hallarla bağlı Ermənistana qarşı zəruri tədbirlər görməyə və itkin düşmüş soydaşlarımızın taleyi barədə məlumatların əldə edilməsi ilə əlaqədar dəstək verməyə çağırıram.

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

3 iyun 2023-cü il