Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

01-06-2023 269 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda birgə seminar təşkil olunub.

Seminarın məqsədi beynəlxalq humanitar hüququn implementasiyası ilə bağlı məlumatlılığın artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə qarşılaşılan çətinliklərin aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmaq olub.

Beynəlxalq Qızıl Xaç Komitəsinin ekspertlərinin də iştirak etdiyi seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Draqana Kojiç açılış nitqi ilə çıxış edib və seminarın işinə uğurlar arzulayıblar.

Çıxış zamanı Ombudsman otuz ilə yaxın dövr ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın həm Birinci və İkinci Qarabağ müharibəsi zamanı, həm də postmünaqişə dövründə müharibə cinayətləri, ekoloji və mina terroru törətdiyini, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğunu bildirib. S.Əliyeva bu ərazilərdə mina və hərbi sursatların partlaması nəticəsində həm mülki əhali, həm də hərbçilərimiz arasında qurbanların olduğunu, Ermənistanın regionda sülhün təmin edilməsində maraqlı olmadığını söyləyib.

Tədbirdə proqrama uyğun olaraq təqdimatlarla çıxış edən beynəlxalq ekspertlər aidiyyəti sahələr üzrə beynəlxalq təcrübə haqqında məlumat verib və iştirakçılarla fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı Aparatın əməkdaşları Ombudsmanın mandatı və fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Qeyd olunub ki, müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırlması məqsədilə Ombudsman tərəfindən faktaraşdırıcı missiyalar həyata keçirilərək yerində araşdırmalar aparılıb və əldə olunan faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərilib.

Seminarda, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində Ombudsman təsisatı ilə gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri barədə ekspertlərlə fikir mübadiləsi aparılıb.