Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ağdamda minatəmizləmə fəaliyyəti ilə bağlı beynəlxalq konfransda iştirak edib

26-05-2023 296 dəfə oxunub
Ombudsman Ağdamda minatəmizləmə fəaliyyəti ilə bağlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamda ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilmiş ikinci beynəlxalq humanitar minatəmizləmə konfransında iştirak edib.

Bir sıra ölkələrin parlament üzvlərinin, nüfuzlu beynəlxalq və regional təşkilatların, o cümlədən BMT-nin baş ofisinin rəhbər heyətinin, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin də iştirak etdiyi tədbirin əsas məqsədi ölkəmizin üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Konfrans çərçivəsində təşkil olunmuş sərgidə cari il aprelin 28-də Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində ərazinin dronlarla tədqiqatını həyata keçirən təşkilatın əməkdaşlarının ölümünə səbəb olan mina partlayışı nəticəsində yararsız hala düşmüş nəqliyyat vasitəsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə aşkar olunmuş mina və partlamamış hərbi sursatlar nümayiş etdirilib.

Qeyd olunmalıdır ki, Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin, beynəlxalq humanitar hüquq pozuntularının araşdırılması məqsədilə Müvəkkil tərəfindən faktaraşdırıcı missiyalar həyata keçirilmiş və əldə olunan faktoloji materiallar əsasında hesabatlar hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilmişdir.

Bununla yanaşı, azad olunmuş ərazilərdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minaların səbəb olduğu insan tələfatı və mövcud vəziyyətin regionda sülh və əmin-amanlığa təhlükə yaratması ilə bağlı Müvəkkil tərəfindən beynəlxalq ictimaiyyətə dəfələrlə çağırışlar edilmişdir.