Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbərinin tədqiqat işi İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sessiyasında müzakirə edilib

24-05-2023 213 dəfə oxunub
Ombudsman Aparatının rəhbərinin tədqiqat işi İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sessiyasında müzakirə edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Ciddə şəhərində keçirilən 21-ci sessiyasında iştirak edib.

Sessiya çərçivəsində A.Səfixanlının “Məcburi köçkünlərin hüquq və azadlıqları” mövzusunda hazırladığı tədqiqat işi müzakirəyə çıxarılıb. 

Tədqiqat işində məcburi köçkünlərin beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları təhlil olunub, İƏT ölkələrindəki məcburi köçkün probleminə toxunulub və onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində tövsiyələr verilib. 

Azərbaycanlı məcburi köçkünlərin Ermənistan işğalı dövründə kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpası ilə əlaqədar təkliflər və mövcud çətinliklər də tədqiqat işində öz əksini tapıb. Sənəddə hazırda həmin ərazilərə qayıdış prosesinə və həyatın normallaşdırılmasına əngəl törədən əsas amil kimi mina problemi göstərilib. Ermənistan tərəfindən mina xəritələrinin tam və dəqiq şəkildə təqdim edilməməsi nəticəsində çoxsaylı mülki şəxslərin mina qurbanına çevrildiyi bildirilib. 

Eyni zamanda, keçmiş məcburi köçkünlərimizin azad edilmiş yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı ilə əlaqədar görülən bərpa-quruculuq işləri barədə məlumat verilib, habelə preventiv tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb. 

Yekunda tədqiqat işi komissiyanın üzvləri tərəfindən yekdilliklə qəbul olunaraq qurumun rəsmi sənədləri sırasına daxil edilib.