Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə autizmli uşaqlara həsr olunmuş “Erkən aşkarlamanın faydaları” mövzusunda tədbir keçirilib

30-04-2023 306 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə autizmli uşaqlara həsr olunmuş “Erkən aşkarlamanın faydaları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Beynəlxalq Autizm Maarifləndirmə Ayı” çərçivəsində Azərbaycan Autizm Assosiasiyası ilə birgə “Autizmlə mümkündür!” çağırışı altında “Erkən aşkarlamanın faydaları” mövzusunda dəyirmi masa keçirilib. 

Tədbirdə Ombudsman Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər, habelə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) agentliklərinin, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin Ümumi psixologiya, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedralarının, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, habelə digər bir sıra vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, eləcə də autizmli uşaqların valideynləri iştirak ediblər.

İlk növbədə giriş sözü ilə qonaqları salamlayan Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli autizmli uşaqlara dəstək məqsədilə #AutizmləMümkündür! həştəqini paylaşmaqla fəal şəkildə maarifləndirmə kampaniyasının həyata keçirilməsi ilə bağlı geniş ictimaiyyətə ünvanladığı çağırışa və tədbirin birgə təşkilinə görə Ombudsmana təşəkkürünü bildirib. 

Daha sonra Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın cari ilin 2 aprel tarixində “Beynəlxalq Autizm Maarifləndirmə Ayı” çərçivəsində etdiyi “Autizmlə mümkündür!” çağırışı və onun təşəbbüsü əsasında nəşr olunmuş erkən aşkarlamanın faydalarına dair buklet haqqında məlumat verib. İştirakçılara təqdim olunan həmin bukletdə erkən aşkarlamanın faydaları, risk faktorları,  autizmdə erkən diaqnostik simptomlar, autizmli uşaqların reabilitasiyası üçün ilkin addımlar və əməl olunmalı qaydalar, valideynlər üçün tövsiyələr üzrə faydalı informasiyaların öz əksini tapdığı, autizmin xəstəlik deyil, fərqlilik olmasının vurğulandığı diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən dövlət qurumlarının və təhsil müəssisələrinin məsul əməkdaşları, Azərbaycan Autizm Assosiasiyasının, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, habelə “Əlil Qadınlar Cəmiyyəti”, “İnklüziv Cəmiyyət Naminə”, “Mələk” Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək ictimai birliklərinin nümayəndələri və valideynlər mövzu ilə bağlı çıxışlar edərək, autizmli uşaqların reabilitasiyası sahəsində mövcud çətinliklər və onların həlli yolları barədə öz fikir və təkliflərini bölüşüblər.

Yekunda çıxış edən Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Müvəkkilin uşaq hüquqlarının qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət çərçivəsində autizmli uşaqların sosial-hüquqi müdafiəsi sahəsində görülən işlərdən danışıb. Xüsusi olaraq qeyd olunub ki, “Autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında” qanunun qəbul edilməsi və onun icrasının səmərəli təmini məqsədilə müvafiq dövlət proqramının hazırlanaraq təsdiq olunması Ombudsmanın illik məruzələrində irəli sürülən təkliflər sırasındadır.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə iştirakçıların sualları cavablandırılıb.